Azərbaycanın regional iqtisadi təhlükəsizliyi

Elşən NƏSİROV
Naxçıvan Dövlət Universitieti
Dünya İqtisadiyyatı və Menecment
kafedrasının müəllimi


Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın inkişafında hərtərəfli dəyişikliklər baş verdi. Bu dəyişikliklər əvvəlki dövrlərlə müqayisədə respublikaının regionlarının düzgün istiqamətləndiriliməsinə əsaslanır. Bu baxımdan birinci proqramm olaraq regionların “Sosial-iqtisadi inkişaf Dövlət Proqramı” (2004-2008-ci il fevralın 11 – 2004-cü il, ikinci proqram 2009-2013-cü il- 2009-cu il aprel ayının 15-i, üçüncü proqram 2014-2018 ci illər – 27 fevral 2014-cü il )qəbul edilmiş və istiqamətləndirilmiş mexanizm çərçivəsində həyata keçirirlir. Ümumiyyətlə, respublikanın iqtisadiyyatının inkişaf konsepsiyasına əsaslanaraq regional inkişafın əsas müddəalarından biri dövlətin regional siyasəti vasitəsilə reallaşdırılmasıdır.

Dövlətin regional siyasəti dedikdə, həm dövlətin regional səviyyədə, həm də regionların özünün ümumi proqramma əsaslanaraq işləyib hazırladığı mexanizmlərin ümumi məcmusunu təşkil edir. Ölkənin sosial-iqtisadi, siyasi və ekoloji inkişafının idarə olunması üzrə fəal sahələri regional siyasətin inkişaf strukturuna təsir göstərir. Regional siyasət sosial-iqtisadi strategiyanın milli strategiyasının tərkib hissəsi olub ümumi konsepsiyaya əsaslanır.

Bu amillər aşağıdakılardır:

✔ Təbii resurslardan səmərəli istifadə etmək;

✔ Əmək ehtiyatlarını işə cəlb etməklə tam məşğulluğa nail olmaq;

✔ Müəssisənin orta ölçüsü və istehsalın təşkilinin yeni formalarının tətbiqi;

✔ Yeni istehsal və müəssisələrin yüksək səmərəliliyini təmin edən iqtisadi əlaqələri axtarıb tapmaq və onları elmi-texniki əsaslar üzərində qurmaq.

Regional iqtisadiyyatın əsas vəzifəsi Azərbaycanın iqtisadi zonalarının iqtisadi qanunauyğunluqlarını öyrənməklə bütövlükdə ölkədə məhsuldar qüvvələrin yenidən, milli mənafeyə uyğun səmərəli yerləşdirilməsini təmin etmək və milli iqtisadiyyatın formalaşması və inkişafına, o cümlədən ölkənin regionlarının iqtisadi təhlükəsizliyinin təmin olunmasına nail olmaqdır.

Regionlarda çətin vəziyyətin əsas göstəriciləri aşağıdakılardır:

✔ Demoqrafiq vəziyyətin dəyişməsi, əhalinin kəskin surətdə təbəqələşməsi, ölkədə və regionlarda genefondun pisləşməsi;

✔ Məhsuldar qüvvələrin qeyri-səmərəli yerləşdirilməsi, torpaqlardan, təbii sərvətlərdən düzgün edilməməsi nəticəsində regionların ekoloji sisteminin gərginləşməsi;

✔ Bu və ya digər regionlarda ixtisaslaşmış istehsalın həcminin 50-60 faiz aşağı düşməsi

✔ İşsizliyin artması;

✔ Regionlarda qaçqınların, məcburi köçkünlərin çoxluğu;

✔ Əhalinin maliyyə vəsaitləri ilə təmin edilməsinin aşağı səviyyədə olması;

✔ İnfrastruktur obyektlərin kifayət qədər inkişaf etməməsi.

Regional iqtisadiyyatın vəzifələrini əsasən üç qrupa bölmək olar:

1. Xalq təsərrüfatının ərazi proporsiyalarının metodoloji və praktiki tədqiqi;

2. Azərbaycanda məhsuldar qüvvələrin yenidən, milli mənafeyə uyğun yerləşdirilməsinin ümumi nəzəri əsaslarını işləyib hazırlamaq və onu elmi cəhətdən əsaslandırmaq;

3. Ölkənin iqtisadi regionlarının tədqiqat planını müəyyənləşdirmək.

Azərbaycanın regionlarının iqtisadi təhlükəsizliyinin dərəcəsini müəyyən etmək üçün hər şeydən əvvəl Azərbaycanın iqtisadi regionlarının iqtisadi inkişafının ümumi vəziyyətini, onların Azərbaycanın milli iqtisadiyyatında tutduğu yeri, istehsalın ixtisaslaşma istiqamətini bilmək lazımdır. Regionlarda təhlükələrin növləri və onların iqtisadi təhlükəsizliyin növlərinə görə təsnifləşdirilməsi mümkün olsun. Azərbaycanın regionlarının iqtisadi təhlükəsizliyinin ümumi cəhətləri ilə bərabər onları bir-birindən fərqləndirən, bu və ya digər iqtisadi təhlükə növünün daha yüksək olmasıdır. Çünki Azərbaycanın bölgələrində təbii amillə bağlı olaraq istehsalın ixtisaslaşdırılması və yerləşməsi müxtəlifdir.

Azərbaycanın regionlarının iqtisadi təhlükəsizliyini təsnifləşdirərkən məlum olur ki, Azərbaycanın sərhəd rayonlarının iqtisadi təhlükəsizlik dərəcəsi daha yüksəkdir və bu rayonlarda təhlükənin bütün növləri mövcuddur. Azərbaycanın regionlarında mövcud olan iqtisadi təhlükələrin bütün növlərinin vaxtında qarşısını almaq və aradan qaldırmaq üçün ilk növbədə Azərbaycanın sağlam milli iqtisadiyyatını formalaşdırmaq və inkişaf etdirmək lazımdır.

Regional iqtisadi təhlükəsizliyin dövlət tənzimlənməsi və təminatı

Azərbaycanın regionlarında çətin vəziyyətin yaranmasının obyektiv və subyektiv səbəbləri vardır.

Obyektiv səbəb inzibati-amirlik iqtisadi sistemindən bazar iqtisadi sisteminə keçməklə əlaqədardır.

Subyektiv səbəblərin əksəriyyəti də obyektiv səbəblərdən doğmuşdur. Azərbaycan dövləti özünün regional iqtisadi siyasətini və onun iqtisadi təhlükəsizlik konsepsiyasını işləyib hazırlamalıdır. Bazar iqtisadiyyatı şəraitində məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi ərazi əmək bölgüsünün qanunauyğunluğunun dərk edilməsi və iqtisadi zonaların inkişaf səviyyəsinin göstəricisidİr.

Rayonların iqtisadi təhlükəsizliyinin təmin edilməsində regionlarda ictimai istehsalın səmərəliliyinin yüksəldilməsi əsas amillərdəndir. Bunun üçün regionlarda sənayenin səmərəli – xammala yaxın yerləşdirilməsidir. İctimai əməyə maksimum qənaət edilməsinin başlıca kriteriyası hər bir müəssisənin, habelə bütövlükdə cəmiyyətin məhsuldar qüvvələrinin səmərəli yerləşdirilməsidir. Məhsuldar qüvvələrin yerləşdirilməsi və əməyə qənaət edilməsinə təsir göstərən amillər çoxdur:

✔ Azərbaycanda regional siyasətin işlənib hazırlanmasının zəruriliyi və regionların iqtisadi təhlükəsizliyinin təmin edilməsində onun rolu;

✔ Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsində təhlükəsizliyin təmin edilməsi;

✔ İqtisadi təhlükəsizliyin regional inkişaf istiqamətləri və onun optimal həlli yolları.

Milli təhlükəsizliyin təmin edilməsində regional siyasətin işlənib hazırlanması və onun reallaşma mexanizminin yaradılması obyektiv zərurətdir. Ona görə də bütün müstəqil dövlətlər özlərinin regional siyasətinin hazırlanmasına və reallaşmasına xüsusi fikir verirlər. Çünki hər bir regionun xüsusiyyətləri ilə əlaqədar olaraq gözlənilən və gözlənilməyən təhlükələr mövcuddur. Bunun qarşısı vaxtında alınarsa, gözlənilən təhlükə nəinki həmin regionun, həm də bütövlükdə ölkənin iqtisadi təhlükəsizliyinə təsir göstərə bilər. Buna görə də dövlətin ayrı-ayrı regionlarının iqtisadi təhlükəsizliyini müəyyən etmək lazımdır. Regional iqtisadi təhlükəsizlik, hər şeydən əvvəl, daxili və regionda böhran vəziyyətinin yaranmasında onu törədən amillərin həcmindən asılıdır.

Keçid iqtisadiyyatı zamanı regionlarda iqtisadi təhlükəsizlik problemlərinin həllinin ən optimal yollarını axtarıb tapmaq və onları həll etmək Azərbaycanın milli dövlətinin əsas vəzifələrindən biridir. Bu problemin ən optimal yolu isə regionlarda məhsuldar qüvvələrin yenidən milli və regional mənafeyə uyğun səmərəli yerləşdirilməsi və istehsalın strukturunun yenidən qurulmasıdır. Regionlarda kənd təsərrüfatının, həmçinin digər iqtisadi fəaliyyət sahələrinin inkişafı burada infrastrukturun enerji, su təchizatı, yollar, nəqliyyat, məktəb, səhiyyə müəssisələrinin vəziyyətindən də asılıdır. Bu məsələ demək olar ki, əksər rayonlar üçün əsas problem olduğundan, dövlət buna xüsusi diqqət yetirməlidir. Onu da qeyd edək ki, hal-hazırda sözügedən istiqamətdə dövlətimiz çox ciddi kompleks tədbirlər həyata keçirir.

Azərbaycan dövlətinin qəbul etdiyi bu proqramın regionların inkişafında və regionların, bütövlükdə Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyəti vardır və Azərbaycanın iqtisadiyyatının tarazlı inkişafına böyük təkan verəcəkdir. Burada ayrı-ayrı regionlarda iqtisadiyyatın inkişafını sürətləndirən amillər, onunla bağlı dövlət siyasətinin və dövlətin dəstəyinin əsas istiqamətləri müəyyən edilmişdir.

Proqramın başlıca məqsədi Azərbaycan Respublikasının müxtəlif regionlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrini, ilk növbədə istehsal müəssisələrinin inkişafının və fəaliyyətinin daha da genişlənməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafına təkan verməklə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, habelə ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan regionların iqtisadi inkişafında tarazlığa nail olmaqdır.

Keçid iqtisadiyyatı dövründə Azərbaycanın milli iqtisadiyyatının formalaşması və inkişafı, habelə regionların təhlükəsizliyinin təmin edilməsi neft sənayesini inkişaf etdirərək ondan gələn gəlirin hesabına xalq təsərrüfatının digər sahələrini inkişaf etdirməkdən deyil daha çox ölkəmizin aqrar bölməsindən, regionların inkişafından asılı olacaqdır. Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçiriləcəkdir:

✔ Kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişaf etdirilməsi;

✔ Dövlət investisiyalarının əsasən istehsal müəssisələrinin bərpasına, regionların infrastruktur və kommunal xidmətinin yaxşılaşdırılmasına, sosial obyektlərin inşasına yönəldilməsi.