Mühazirə 3. Milli iqtisadiyyat və ictimai təkrar istehsal

Bildiyimiz kimi insanlar yaşayıb inkişaf etmələri üçün gündəlik fəalliyyətində müəyyən qədər maddi və mənəvi nemətlərdən, müxtəlif xidmətlərdən istifadə etməlidirlər. İnsanlar tərəfindən bunların istehlakı daimi olduğu kimi onların istehsalı da daimi olmalıdır. Cəmiyyət üzvlərinə lazım olan bu məhsul və xidmətlərin istehsalın daim davam etməsi təkrar istehsal adlanır.

Təkrar istehsal - istehsalın fasiləsiz, bərpa və təkrarlanmasıdır.

Əhatə dairəsinə görə təkrar istehsal fərdi və ictimai təkrar istehsal formalarında olur.

Fərdi təkrar istehsal dedikdə ayrı-ayri təsərrüfatlarda, müəssisələrdə həyata keçirilən təkrar istehsal nəzərdə tutulur.

Öz fəaliyyətlərində fərdi təkrar istehsallar bir-birinə bağlanır və nəticədə ictimai təkrar istehsal əmələ gətir.

Hər təkrar istehsal prosesi 4 fazadan ibarət olur:

1) istehsal
2) mübadilə
3) bölgü
4 istehlak

İstehsal fazasında bir cur maddi nemətlərdən istifadə olunaraq digərləri istehsal olunur.

Mübadilə fazasında istehsal olunmuş məhsullar pula (bəzi hallarda məhsula) mübadilə olunur, yəni satılırlar.

Bölgü fazasında mübadilədən əldə edilən pul istehsal şərtləri arasında bölüşdürülür.Pulun bir hissəsi istehlak edilmiş istehsal vasitələrinin bərpasına sərf olunur, müəyyən hissəsi işçi qüvvəsinə öz iş qüvvəsini bərpa etmək üçün verilir, bir hissəsi də sahibkar mənfəət şəklində mənimsəyir.

İstehlak fazasında isə istehsal olunmuş maddi nemətlər istehlak olunurlar, fiziki cəhətdən yox edilirlər.

Marksa görə cəmiyyətin mütərəggi inkişafının əsas şərti geniş təkrar istehsaldır. İctimai kapitalın genişlənməsinin əsas mənbəyi isə izafi dəyərdir. Marks ictimai istehsalı 2 hissəyə ayırır:

1) İstehsal vasitələrinin istehsalı
2) İstehlak vasitələrinin istehsalı

İctimai təkrar istehsalın sadə və geniş növləri var.

Sadə təkrar istehsal dedikdə istehsalın əvvəlki həcmdə təkrar istehsalı nəzərdə tutulur.

Geniş təkrar istehsal dedikdə isə əvvəlki dövrə nisbətən artmış həcmdə təkrar istehsal nəzərdə tutulur.

Igtisadiyyatın normal inkişafı üçün geniş təkrar istehsal tələb olunur. Çünki cəmiyyətin inkişafı ilə əlagədar cəmiyyət üzvlərinin tələbatı daim artır, yeniləşir. Daim artan, yeniləşən tələbatı ödəmək üçün nemət və xidmətlər istehsalını artırmaq və yeniləşdirmək lazımdır.

Təkrar istehsalın özünəməxsus meyarları vardır. Bu meyarıara ekstensiv, intensiv və qarışıq təkrar istehsal hədləri daxildir. Bu meyarlar istehsalın geniş tipi üçün əhəmiyyət daşıyır.

Ekstensiv tipdə geniş təkrar istehsal istehsal sahəsinin genişlənməsi hesabına həyata keçirilir. Yeni müəssisə, firmalar tikilir, dəzgah və gurğuların sayi artırılır, əkin sahələri genişləndirilir, əlavə işçi qüvvəsi istehsala cəlb edilir və s.

İntensiv tipdə istehsal sahəsi dəyişmədən, mövcud olan resurslardan daha səmərəli istifadə etmək hesabına daha çox məhsul və xidmət istehsal olunur. İntensiv istehsal öz inkişafında iki mərhələdən keçir:

• Birinci mərhələdə istehsal tədricən intensivləşdirilir. Əl əməyinin kütləvi sıxışdırılması və onun yeni maşınlarların əvəz edilməsi nəticəsində hissə-hissə intensivləşmə baş verir. Bu mərhələdə intensivləşmə yalnız 1 amili iş qüvvəsinin hesabına həyata keçirilir.
• İkinci mərhələdə istehsalın bütün amillərinə qənaət etmək hesabına əmək məhsuldarlığının artır.

Qarışıq tipdə intensiv və ekstensiv amillər daima qarışıq şəkildə fəaliyyət göstərir. Bu zaman istehsal amillərinin migdarı artır, texnika və texnologiyanın təkmilləşdirilməsi nəticəsində istehsal gücləri artırılır.

İctimai təkrar istehsal aşağıdakı düsturla ölçülür:

W = C + V + M

Burada C – daimi kapital, V – dəyişən kapital, M – izafi dəyərdir.