Mövzu № 11. Kredit-bank sistemi

§1. Bazar iqtisadiyyatında kreditin funksiyaları və rolu.
§2. Bankların və bank kreditləməsinin meydana gəlməsi. Kreditin formaları.
§3. Kredit sistemi və müasir şəraitdə onun inkişafı.
§4. Kommersiya bankları və bazar iqtisadiyyatında onların funksiyaları.
§5. Mərkəzi bank və bazar iqtisadiyyatında onun funksiyaları.      

Bazar iqtisadiyyatının ən mühüm atributlarından biri müvafiq şəkildə təşkil olunmuş kredit-bank sistemidir ki, onu çox vaxt iqtisadiyyatın xüsusi növ qanı olan pulu dövr etdirən ürəyi adlandırırlar.

Həqiqətən də, kreditin və kredit münasibətlərinin müasir iqtisadiyyatda əhəmiyyətini dəyərincə qiymətləndirmək olduqca çətindir.

Bazar iqtisadiyyatında kreditin funksiyaları və rolu

Kredit (lat.-borc) cəmiyyətdə iqtisadi münasibətlərin inkişafını əks etdirən tarixi kateqoriyadır.

O, sivilizasiyanın erkən çağında ibtidai-icma quruluşunun dağılması dövründə icmanın əmlaki təbəqələşməsi zəminində yaranmışdır. İqtisadiyyatın ümumi inkişafı ilə birgə və onun qanunları üzrə inkişaf edərək kredit özünün çiçəklənmə dövrünə bazar iqtisadiyyatı şəraitində çatdı. Bütövlükdə ictimai əməyin nəticələrinin mübadiləsi kimi, o da bazar iqtisadiyyatının obyektiv və ayrılmaz reallığıdır. Bazar iqtisadiyyatı şəraitində kredit borc kapitalının, yəni borca verilmiş pul kapitalının hərəkət formasıdır. O, kreditverənlər və borcgötürənlər arasında münasibətləri ifadə edir və bu zaman azad pul kapitalının borc kapitalına çevrilməsini təmin edir.

Bazar iqtisadiyyatında kreditin zəruriliyi kapitalın özünün təbiəti və onun təkrar istehsal prosesində dövriyyəsi və dövranının qanunauyğunluqları ilə şərtlənir.

Müasir istehsalın daim borc pul vəsaitlərinin cəlb olunmasına və onların iqtisadiyyatın bir sahəsindən digər sahəsinə dəyişdirilməsinə ehtiyacı var. Bunlar bir sıra amillərlə şərtlənir:

• birincisi, istehsal tsikllərinin müddətinin fərqli olması səbəbindən istehsala qoyulmuş pul vəsaitlərinin qoyulması anından qoyulmuş pulların qayıtması anı arasında həmişə zaman fərqi olur;

• ikincisi, istehsal xərclərinin minimallaşdırılmasına və müəssisənin özünün və börc götürülmüş vəsaitlərinin optimal uzlaşdırılması hesabına tədavülə zəruri ehtiyac mövcuddur;

• üçüncüsü, iqtisadiyyatın bir çox sahələrində məhsul istehsalında kənd təsərrüfatı və b. mövsümilik var:

• dördüncüsü, çox tez-tez iqtisadiyyatın ayrı-ayrı sahələrində istehsalın inkişaf etdirilməsi, yenidən qurulması və genişləndirilməsi üçün bir dəfəyə və böyük həcmdə investisiyalara zərurət yaranır.

Bazar iqtisadiyyatı şəraitində vəsaitlərin daim təkrar bölünməsinə ehtiyac olduğu aydındır, lakin bir çox nəsillər tərəfindən istehsal vasitələri kimi yığılmış kapital fiziki cəhətdən bir istehsal sahəsindən digərinə ötürülə bilməz. Məhz buna görə də kapitalın ötürülməsi prosesi pul şəklində kredit vasitəsilə həyata keçirilir.

Kredit kapitalın bir istehsal sahəsindən digərinə sərbəst ötürülməsi zərurəti ilə onun natural formada iqtisadiyyatın müəyyən nöqtələrində istehsal vasitələri şəklində təsbit olunması ilə şərtlənən ziddiyyəti həll edir. Bu zaman müəssisələrin, özəl bölmənin və dövlətin azad pul vəsaitləri və gəlirləri səfərbər olunur, ümumi iqtisadi sistem çərçivəsində bir yerə cəmlənir və hazırkı anda iqtisadiyyatın əlavə vəsaitlərə ehtiyac olan nöqtələrinə haqqı ödənilməklə müvəqqəti istifadəyə verilən borc kapitalına çevrilir. Buna görə də kredit sərbəst kapitalın bir istehsal sahələrindən digərinə ötürülməsi və onlar arasında gəlir normalarının tarazlaşdırılması üçün təyinatlanmış elastik mexanizm kimi zəruridir.

Eyni zamanda, kredit fəaliyyət göstərən müəssisələrin kapitalının fərdi dövriyyəsinin fasiləsizliyinin dəstəklənməsi vəsaiti kimi, həmçinin istehsal olunmuş məhsulun realizə olunması prosesinin həyata keçirilməsi üçün də zəruridir. Beləliklə, kredit fərdi kapitalın məhdudluğunu, ələlxüsus, bazar münasibətlərinin formalaşdığı dövrdə, dəf etməyə imkan verir.

Kapitalın dövriyyəsi prosesində istehsalın müxtəlif sahələrində müvəqqəti sərbəst pul vəsaitlərinin azad olması baş verir ki, onlar da pul formasında borc kapitalını əmələ gətirirlər və kredit mənbəyi olurlar. Sərbəst pul vəsaitləri özlərinə tətbiq sahəsi «axtarırlar», çünki boş-boşuna qalan kapital özü artan dəyər kimi kapitalın özünün təbiətinə müvafiq deyil.

Fəaliyyət göstərən kapitalistlərin bir qismində sərbəst pul vəsaitləri yarandığı zaman başqalarında əlavə kapitalın cəlb olunmasına zərurət yaranır. Vəsaitlərin kredit və kredit münasibətlərinin köməkliyi ilə həll olunan təkrar bölgüsü problemi yaranır. Borc kapitalı bazarında yaranmış müvəqqəti sərbəst pul vəsaitləri onların çatışmazlığı hiss olunan yerlərə kreditləmə prosesində təkrar bölünürlər.

Ticarət-sənaye kapitalından ayrılmış pul kapitalı tarixən borc kapitalının formalaşmasına zəmin olmuşdur. Lakin kapitalın fərdi dövriyyəsi prosesində yaranan müvəqqəti sərbəst pul vəsaitlərini borc kapitalının yeganə mənbəyi hesab etmək olmaz.

Müasir şəraitdə borc kapitalının ən mühüm mənbələri aşağıdakılardır:

1. Əsas kapitalın tam bərpası üçün amortizasiya fondunun formalaşması prosesində yaranan vəsaitlər.

2. İstehsal vasitələrinin öz dəyərlərini hazır məhsula hissə-hissə keçirmələrindən çıxış edərək, müəssisələr amortizasiya ayırmalarını hər ay və ya hər kvartal həyata keçirirlər, yəni bu proses mütəmadi və bərabər həddə aparılır. Amortizasiya fondunun xərclənməsi isə dövri, çox vaxt isə bir dəfəyə baş verir. Buna görə də amortizasiya fondunun xeyli hissəsi müvəqqəti sərbəst pul qismində çıxış edir və borc kapitalı mənbəyi olur.

3. Müəssisələrin dövriyyə kapitalının xammal, yanacaq, materiallar və s. almaq üçün nəzərdə tutulmuş sabit hissəsi məhsulun satış pulunun daxil olma anından onun müvafiq maddi dəyərlərin haqqının ödənilməsi vaxtının üst-üstə düşməməsi səbəbindən müvəqqəti sərbəst pul vəsaiti forması alır.

4. İşçilərin əməkhaqqının ödənilməsi üçün nəzərdə tutulmuş dövriyyə kapitalının dəyişən hissəsi müvəqqəti sərbəst pul vəsaiti forması alır, çünki əməkhaqqının ödənilməsinə ayırmalar bir qaydada və mütəmadi baş verir, amma faktik ödəniş müəyyən olunmuş müddətdə dövri qaydada həyata keçirilir.

5. Müəssisənin mənfəətinin istehsalın inkişafına qoyulması üçün nəzərdə tutulan və uzun müddət ərzində istehsalın miqyasından asılı olan müəyyən kəmiyyətə qədər toplanan hissəsi də həmçinin müvəqqəti sərbəst pul vəsaiti forması alır və borc kapitalı mənbəyi olur.

6. Əhalinin bütün təbəqələrinin uzunmüddətli istifadə əmtəələri, mənzil və digər bahalı maddi nemətlərin alınması üçün nəzərdə tutulmuş pul gəlirləri və yığımı. Əhalinin bu vəsaitləri müəyyən vaxta qədər bank hesablarında yığılır və borc kapitalı mənbəyi olur.

7. Dövlətin pul yığımları və müəyyən kommersiya fəaliyyəti növlərindən gələn gəlirləri, həmçinin dövlət və müxtəlif səviyyəli yerli büdcələrdə yaranan müsbət saldolar müvəqqəti sərbəst pul vəsaiti forması alır və borc kapitalı mənbəyi olur. Sərbəst pul vəsaitləri hətta büdcə kəsirlə başa vurulduqda belə yaranırlar, çünki gəlirlərin büdcəyə daxil olması ilə xərclərin həyata keçirilməsi arasında həmişə zaman fərqi olur. Sərbəst pul vəsaitinin xeyli hissəsi bütün ictimai kapitalın dövranı ilə əlaqədar olaraq yaranır. Bundan başqa, borc kapitalının mənbəyi kimi əhalinin pul yığımları get-gedə daha fəal istifadə olunur. Bu meyil əhalinin yığım pullarının əsas hissəsinin bank hesablarında, sığorta şirkətlərinin və pensiya fondlarının ehtiyatlarında, həmçinin qiymətli kağızlar bazarında investisiyalarda yerləşdirildiyi bütün inkişaf etmiş kapitalist ölkələri üçün səciyyəvidir. Beləliklə, kreditin köməkliyi ilə iqtisadiyyatın özəl bölməsinin və əhalinin gəlirləri və yığımı mahiyyət etibarilə borc kapitalı olmasalar da, borc kapitalına çevrilirlər. Kreditin mahiyyətinin ən yığcam ifadəsi onun funksiyalarıdır.

Bazar iqtisadiyyatında kredit aşağıdakı əsas funksiyaları yerinə yetirir:

• birincisi, pul kapitalının toplanması və səfərbər edilməsi funksiyasını ki, bu da tarixən ictimai istehsal çərçivələrini xeyli genişləndirməyə imkan yaratmışdır;

• ikincisi, pul kapitalının təkrar bölgüsü funksiyasını. Buna səbəb əhalinin sərbəst pulları, müəssisələrin mənfəətləri və dövlətin gəlirləri borc kapitalına çevrilir və kredit mexanizmi vasitəsilə və ödənişlilik və qaytarılma şərtilə istehsalın ən gəlirli sahələrinə və ya milli iqtisadiyyatın ən prioritet bölmələrinə təkrar bölünür;

• üçüncüsü, kredit tədavüldə nağd pulların kredit pulları - veksellər, çeklər və banknotlarla əvəzlənməsi hesabına tədavül məsrəflərinin azalmasına səbəb olur. Kreditin inkişafı prosesində banklar və hesablaşma mərkəzləri vasitəsilə nağdsız dövriyyənin qabaqlayıcı artımı baş verir, bank hesablarının və əmanətlərin (kredit kartları, depozit sertifikatları və müxtəlif hesab növləri) istifadəsinin müxtəlif növləri yaranır, pul tədavülü prosesi sürətlənir;

• dördüncüsü, kredit kapitalın təmərküzləşməsi və mərkəzləşməsi prosesinin sürətləndirilməsi üçün mühüm vasitədir. O, rəqabət mübarizəsində fəal istifadə olunur, firmaların bir-birini udmasına, bir-biri ilə birləşməsinə rəvac verir və bununla da fərdi müəssisələrin səhmdarlar cəmiyyətləri və yoldaşlıqlarına çevrilməsinin amillərindən biri 289 Kredit - bank sistemi kimi çıxış edir;

• beşincisi, bazar iqtisadiyyatında kredit iqtisadiyyatın tənzimlənməsi mexanizmi kimi istifadə olunur. İqtisadiyyatın kreditlə tənzimlənməsi - dövlətin kreditin həcmini və dinamikasını optimallaşdırmaq, borc kapitalı bazarını və bütövlükdə ölkə iqtisadiyyatını tənzimləmək məqsədilə həyata keçirdiyi tədbirlər məcmusudur. Borc kapitalı bazarında əmtəə müvəqqəti sərbəst pul vəsaitləri olduğundan, aydındır ki, həmin vəsaitlərin müvəqqəti sərbəst olması onların verilməsinin də müvəqqəti olmasını nəzərdə tutur. Beləliklə, borc kapitalının qayıdanlığı obyektiv prosesdir və kreditin əsas xüsusiyyətlərinə aiddir.

Kreditin qayıdanlığı onun təcililiyini nəzərdə tutur, çünki pullar müəyyən müddətə borc verilir. Kreditin xüsusiyyətlərindən biri də budur ki, kredit əməliyyatı həmişə etibara əsaslanan əməliyyatdır, çünki əməliyyatda iştirak edənlərdən biri borcun qaytarılmasını gözləməlidir. Buna görə də borcverən öz etibarının dərəcəsindən asılı olaraq bu və ya digər dərəcədə böyük təminat istəyə bilər. Bu, kreditin maddi təminatını onun əsas xüsusiyyətlərindən biri edir.

Borcalanlar öz maraqlarında özlərinə məxsus olmayan kapitaldan, yəni özgə pulundan istifadə etdiklərindən, onlar bazar iqtisadiyyatı şəraitində onlara verilmiş borcdan istifadə hüququ əvəlində mütləq haqq ödəməlidirlər. Buradan da kreditin daha bir mühüm xüsusiyyəti - ödənişliliyi - irəli gəlir. Kreditin ödənişliliyi borc faizi, yəni mənfəətin borcalanın borc verənə ödədiyi hissəsi vasitəsilə həyata keçirilir. Borc faizi kreditin borc kapitalları bazarında vəsaitləri hərəkətə gətirən istehlak dəyərinin ekvivalenti qismində təzahür edir. İstənilən bazarda istənilən sövda müəyyən xeyiri nəzərdə tutur.

Pul vəsaitlərinin borc verilməsi sövdəsinin sərfəliliyi faiz norması ilə müəyyənləşir ki, bu da borc faizi məbləğinin borc kapitalı kəmiyyətinə nisbətidir. Faiz norması borc kapitalı bazarında tələb və təklifin nisbətindən asılıdır, dinamik kəmiyyətdir və konkret iqtisadi vəziyyətlə müəyyənləşir. Borc faizi kəmiyyətinə inflyasiya səviyyəsi böyük təsir göstərir. İnflyasiyanın səviyyəsi nə qədər yüksək olarsa, borc faizi bir 0 qədər yüksək olar, amma müəyyən həddə qədər. Borc faizinin yuxarı həddi inflyasiyanın indeksi kimi yüksək səviyyəyə qaldırıla bilməz. Əks təqdirdə borcalanlar borc faizini ödəmək iqtidarında olmazlar. Borc faizinin obyektiv iqtisadi hədləri mövcuddur.

O, o qədər kiçik olmamalıdır ki, bankın iqtisadi sabitliyinə və işinin rentabelliyinə zərər dəyməsin, amma borcalanın iqtisadi «sağlamlığına» zərər verəcək dərəcədə böyük də olmamalıdır.

Borc kapitalının tələb və təklifinin nisbəti və deməli, onun qiyməti həm bir çox obyektiv iqtisadi səciyyəli, həm də subyektiv, o cümlədən aşağıdakı amillərlə müəyyənləşir:

• istehsalın miqyası, onun tsiklik artıb-azalmaları və mövsümi şəraitlərlə;

• müəssisələrin yığım pullarının və cəmiyyətin bütün təbəqələrinin qənaətlə yığdıqları pulların həcmi ilə;

• beynəlxalq amillərlə və s. Sadalanmışlardan başqa, ən mühüm amillərdən biri depozit faizi kəmiyyətidir ki, bankın əhalinin və hüquqi şəxslərin vəsaitlərini cəlb etdiyinə görə ödədiyi məbləğdən ibarətdir.

Və nəhayət, ən güclü amil faiz dərəcələrinin ölkənin Mərkəzi bankı tərəfindən həyata keçirilən dövlət tənzimləməsidir. Bu zaman Mərkəzi bankın tənzimləmə siyasəti ya restriksiya (kommersiya bankı tərəfindən verilən kredit resurslarının azaldılması) formasında, ya da kredit ekspansiyası (verilən kreditlərin həcminin artırılması) formasında ola bilir.

Mərkəzi bankın siyasəti uçot dərəcəsinin artırılıb-azaldılması, həmçinin kommersiya banklarının məcburi ehtiyatlarının normasının dəyişdirilməsi və ölkənin Mərkəzi bankına borc faizini lazımi səviyyədə saxlamağa imkan verən digər metodlar vasitəsilə həyata keçirilir.

Müasir kreditləmə formalarından əwəl uzunmüddətli müxtəlif kredit formalarının yaranması dövrü olmuşdur. İlk kreditləmə formalarından biri sələmçi kreditidir ki, çox qədim dövrlərdə yaranıb və hazırda da iqtisadiyyatı zəif inkişaf etmiş inkişaf etməkdə olan bir sıra ölkələrdə anaxronizm kimi qalmaqdadır. Adi əmtəə mənimsənilməsini əvəzləmiş sələmçi krediti pul şəklində həyata keçirilir və kredit sövdələşməsi nəticəsində sələmçinin kapitalının artmasını nəzərdə tuturdu. Beləliklə, gəlir əldə olunması hələ onda kreditləıriənin məqsədi olmuşdu. Bu, sələmçiliyin ayrıca sahibkarlıq fəaliyyəti sahəsinə çevrilməsindən və onun əsasında sonradan bankların və digər kredit müəssisələrinin müasir növlərinin inkişaf tapdığını söyləməyə əsas verir.

Uzun müddət mövcud olmasına və inkişaf etməsinə baxmayaraq, sələmçi krediti istehsal münasibətlərinin kapitallaşması şəraitində bir sıra səbəblərdən istehsalın borc vəseıiti ilə təmin edilməsi probleminin həlli üçün zəmin ola bilmədi:

• birincisi, sələmçi krediti əsasən borcalanların şəxsi tələbatlarının təmin edilməsi üçün verilirdi;

• ikincisi, inkişaf etmiş sələmçi kapitalı bazarı yox idi, çünki sələmçi qismində ayrı-ayrı fərdlər, ya da kiçik mübadilə məntəqələri çıxış edirdi;

• üçüncüsü,, sələmçi krediti əsasən ekstremal şəraitdə şəxsi tələbatların ödənilməsinə yönəldiyindən (vergilərin, borcların və s. ödənilməsi), o, çox yüksək faizlə (200% qədər və daha artıq) verilirdi. Əmtəə istehsalçıları sələmçi kreditinə müraciət etmək məcburiyyətində olanda, onlar istər-istəməz yüksək faiz problemi ilə üzləşirdilər və əldə olunmuş gəlirin praktik olaraq hamısı sələmçiyə çatırdı.

Bu səbəblərdən inkişaf edən kapitalist istehsalı kredit münasibətlərinin xarakterinin və onların təzahür formaları 292 Bankların və bank kreditləməsinin meydana gəlməsi. Kreditin formaları nın dəyişilməsi və təkmilləşməsinə kəskin ehtiyac duyurdu. Kapitalist istehsalına keçidlə əlaqədar xeyli inkişaf tapmış növbəti kredit münasibəti forması əmtəə formasında olan kommersiya kreditidir.

Kommersiya krediti əmtəənin borca, ödənişin təxirə salınması ilə satışını nəzərdə tutur. Belə kreditin aləti bank vasitəsilə ödənilən vekseldir. Kommersiya kreditinin əsas məqsədi əmtəənin və ondakı mənfəətin realizə olunması prosesini sürətləndirməkdir. Praktikada belə kreditin xüsusiyyəti borc kapitalının sənaye kapitalı ilə qovuşmasıdır ki, nəticədə kommersiya kreditinin həcmi sənaye və ticarət kompaniyalarında olan sərbəst kapitalın məbləği ilə məhdudlaşır.

Kommersiya kreditindən istifadəyə görə olub, əmtəənin qiymətinə və vekselin məbləğinə daxil olan faizlər sələmçi kreditindəkindən xeyli aşağıdır və bir qayda olaraq bank kreditindəkindən də aşağıdır, çünki sonuncunun əsas məqsədi mənfəət götürməkdir. Kommersiya kreditinin forması yaranmaqda olan kapitalizmin tələbatlarına, əvvəlkilərlə müqayisədə, daha çox uyğun gəlirdi, çünki o, kapitalist əmtəə münasibətlərinin özünün təbiətindən irəli gəlir.

Lakin əmtəə formasında olması səbəbindən bu kreditin bir sıra ciddi məhdudluqları üzə çıxır:

• birincisi, kommersiya krediti fəaliyyətdə olan bir kapitalist tərəfindən digərinə yalnız onun əmtəə kapitalı həcmində verilə bilər, özü də bu, ehtiyat kapitalının həcmi ilə məhdudlaşır, halbuki kreditə tələbat daha yüksək olur;

• ikincisi, kommersiya krediti yalnız həmin anda müvafiq əmtəəyə ehtiyacı olan kapitalistə verilə bilər;

• üçüncüsü, kommersiya kreditindən istifadədə müddətə görə də məhdudiyyət var, çünki öz təbiətinə görə o, qısamüddətlidir. Kreditə tələbat isə uzunmüddətli ola bilər. Kommersiya krediti pul formasında verildikdə belə bir sıra məhdudiyyətlər olur. Onlar kreditverən müəssisənin sərbəst pul vəsaitlərinin həcminin borcalan müəssisənin pul vəsaitlərinə tələbatı ilə üst-üstə düşməməsi, bir də kreditləyənin krediti verə biləcəyi müddətlə krediti alan üçün lazım olan müddətin üst-üstə düşməməsi ilə şərtlənir.

Kommersiya kreditinin mühüm roluna və geniş yayılmasına baxmayaraq, o, əmtəə təbiətli olmasına və qeyd olunmuş məhdudiyyətlərə görə müasir kapitalist sənayesinin tələbatlarını tam ödəyə bilmir. Beləliklə, nəzərdən keçirilmiş kreditləmə formalarından heç biri istehsalın lazımi həcmdə və lazımi müddətlərə kredit resursları ilə kütləvi və müntəzəm doldurulmasını təmin etmək iqtidarında deyil.

İri seriyalı əmtəə istehsalı şəraitində kredit müəyyən tələblərə cavab verməli və:

• kütləvi;

• müntəzəm;

• kreditin qiyməti və müddətinə görə əlyetər;

• həcminə görə qənaətbəxş olmalıdır.

Bütün bunlar yeni kreditləmə formasının - bank kreditinin - yaranmasını və inkişaf etməsini şərtləndirdi ki, hazırda o, bazar şəraitində aparıcı kredit münasibətləri formasıdır. Bank krediti - banklar və lisenziyası olan digər maliyyə-kredit təşkilatları tərəfindən istənilən təsərrüfat subyektlərinə borc pul şəklində verilən kreditdir. Banklar kredit və ödənişlərdə vasitəçilik funksiyasını yerinə yetirirlər.

Öz vasitəçilik funksiyalarını yerinə yetirmək üçün banklar kapital bazarında olan müvəqqəti sərbəst pul vəsaitlərini cəmləyir və əlavə resursların cəlb edilməsinə tələbatı olan sahələrə və müəssisələrə yönəldirlər.

Məhz buna görə də bank krediti kommersiya kreditinin məhdudluğunu aradan qaldırır və bir sıra mühüm üstünlüklər əldə edir:

• ehtiyat kapitalların həcmi ilə məhdudlaşmır;

• istənilən istiqamətə yönəldilir, yəni ondan sahibkarlıq fəaliyyətinin istənilən subyekti istifadə edə bilər;

• həcminin böyüklüyü və müntəzəmliyi səbəbindən bankların və bank kreditləməsinin meydana gəlməsi. Kreditin formaları bank kreditinin uzun müddətə və aşağı faizlə verilməsi imkanı yaranır. Beləliklə, bank krediti istiqamətlər, məbləğ və verilmə müddətlərinə görə kommersiya krediti hüdudlarını aşaraq əsas kreditləmə formasına çevrildi.

O, daha geniş tətbiq sahəsinə malikdir. Bundan başqa, kommersiya kreditləməsinin həcmi istehsal həcminin və ya əmtəə dövriyyəsinin artması və ya azalmasından (tənəzzüldən) asılıdır, amma bank kreditinə tələb əsasən iqtisadiyyatın müxtəlif sahələrində borc öhdəliklərinin vəziyyəti ilə müəyyənləşir.

Amma iqtisadiyyatın tsiklik tərəddüdlərinə hər iki kreditləmə növü məruz qalır. İstehsal prosesində bank kreditləri ikili rol oynayır: bir tərəfdən, onlar fəaliyyət göstərən müəssisələrin ödəniş vəsaitlərinin həcmini artıra bilirlər, digər tərəfdən isə kapitalı artırırlar. Birinci halda pulun borc verilməsindən söhbət gedir ki, bu zaman kredit borc öhdəliklərinin yerinə yetirilməsinə yönəldilir; ikinci halda kapitalın həcmini artırmaq üçün borc götürülməsi nəzərdə tutulur.

Beləliklə, bank kreditləməsi, birincisi, fəaliyyətdə olan kapitalın fasiləsiz dövriyyəsinə rəvac verir, ikincisi isə, istehsalın genişləndirilməsi və təkmilləşdirilməsinin güclü vasitəsidir. Hazırda bir neçə növ bank kreditləməsi mövcuddur. Onların konkret təzahür formaları müxtəlifdir və bir sıra amillərdən, o cümlədən kredit sövdələşməsi iştirakçılarının tərkibindən asılıdır.

Müasir kreditləmənin səciyyəvi xüsusiyyəti müxtəlif bank və kommersiya krediti növlərinin sıx qovuşmasıdır ki, bu da yalnız müəssisələrin deyil, ayrı-ayrı şəxslərin də (istehlak krediti və s.) kreditlənməsində təzahür edir. İstehlak krediti banklar, ixtisaslaşmış maliyyə-kredit təşkilatları və ticarət müəssisələri tərəfindən ayrı-ayrı şəxslərə uzunmüddətli istifadə əmtəələrinin (avtomaşın, mebel, məişət texnikası) ödənilməsi üçün verilir.

İstehlak krediti əmtəənin pərakəndəsatış mağazaları vasitəsilə haqqının gec ödənilməsi şərtilə satılması zamanı kommersiya krediti formasında və ya bankların istehlak məqsədləri üçün borc verdiyi zaman bank krediti formasında çıxış edir. İstehlak kreditinin maksimum verilmə müddəti bir qayda olaraq üç ildən artıq olmur və onun qiyməti xeyli yüksək olur.