Mövzu № 13. Sosial siyasət. İqtisadiyyatın və həyat keyfiyyətinin yüksəldilməsinin sosial-iqtisadi proqramları

§1. Sosial siyasətin mahiyyəti.
§2, Cəmiyyətdə iqtisadi artım və həyat səviyyəsinin qarşılıqlı əlaqəsi.
§3. İqtisadiyyatın yüksəldilməsi və yoxsulluğun ləğvi üzrə sosial proqramlar.      

Bazar iqtisadiyyatında gəlirlərin qeyri-bərabərliyi dövlətin onların təkrar bölgüsü prosesinə müdaxiləsini şərtləndirir. Təbii ki, sosial ödənişlərin ölçüləri dövlətin maliyyə sahəsindəki imkanları ilə razılaşdırılmalıdır. Bu və ya digər ölkədə gəlirlərin təkrar bölgüsünün konkret təşkili iqtisadi inkişafın səviyyəsi, siyasi qüvvələrin nisbəti, insanların konkret tarixi şəraitdə həmin ölkə üçün səciyyəvi olan istehlak stereotipləri ilə müəyyənləşir. Təkrar bölgü qarşısında duran məsələ bundan ibarətdir ki, o, eyni zamanda aztəminatlılar üçün hissedilən olmalı və istehsalın səmərəliliyinin azalmasına və bazar mexanizmlərinin ciddi deformasiyasına səbəb olmamalıdır. Bu məsələni sosial siyasət həll etməlidir.

Sosial siyasətin mahiyyəti

Dövlətin sosial siyasətindən danışanda adətən hökumətin cəmiyyətin müxtəlif üzvləri və qruplarının gəlirlərinin bölgüsü və təkrar bölgüsünə yönəldilmiş hərəkətləri nəzərdə tutulur. Sözün geniş mənasında sosial siyasət cəmiyyətdə sosial sabitliyi təmin etməyə və ölkə əhalisi üçün mümkün qədər eyni «start şəraiti» yaratmalı olan makroiqtisadi tənzimləmə istiqamətlərindən biridir.

Sosial siyasət - dövlətin cəmiyyətdəki sosial proseslərin idarə edilməsi, maddi və mədəni tələbatların təmin edilməsi, cəmiyyətin hər hir üzvünə özünün şəxsiyyətin normal təkrar istehsalı və inkişafı üçün lazım olan sosial-iqtisadi hüquqlarını realizə etməyə imkan verən sosial differensiasiya proseslərinin tənzimlənməsi üzrə fəaliyyətidir.

Sosial siyasəti həyata keçirmək üçün dövlət bir sıra, o cümlədən aşağıdakı məsələləri həll edir:

• sosial-əmək münasibətlərinin (əməkhaqqı, gəlirlər, qiymətlər, iş şəraiti və iş qüvvəsinin təkrar istehsalının) tənzimlənməsi;

• ictimai istehsalda iştirak etmək üçün iqtisadi stimulların yaradılması və qüvvədə saxlanılması;

• insanın və onun əsas sosial-iqtisadi hüquqlarının sosial müdafiəsi;

• məhsullarının keyfiyyəti və xarakteri əhalinin həyat fəaliyyətinin təkrar istehsalı və insanın hərtərəfli inkişafı şərtlərinə cavab verən sosial infrastrukturun (mənzil-kommunal xidmətləri, nəqliyyat, təhsil, səhiyyə) inkişaf etdirilməsi.

Sosial siyasətin mahiyyətinin müəyyənləşdirilməsi və dövlət tərəfindən işlənib hazırlanması «minimum istehlak büdcəsi», «yaşayış minimumu», «yoxsulluqsəviyyəsi», «minimum əməkhaqqı» kimi kateqoriyalardan istifadəni nəzərdə tutur.

Minimum istehlak büdcəsi insanın fizioloji tələbatlarının ödənilməsi üçün lazım olan minimum ərzaq məhsulları, sənaye malları və xidmətlər dəstinin dəyəri ilə müəyyənləşdirilir. O, həqiqətən də elə minimum maddi təminatı təmin edir ki, ondan sonra yoxsulluq başlayır. Minimum istehlak büdcəsi iş qüvvəsinin normal ictimai təkrar istehsalını təmin edən daha yüksək istehlak səviyyəsini səciyyələndirir. Onun səviyyəsi ölkənin sosial-iqtisadi inkişafı ilə birgə yüksəlir.

Bu səviyyədə gəlir yaşlıların sağlamlığını saxlamağa və uşaqların normal inkişafı və tərbiyəsini təmin etməyə imkan verir. O, ölkədə qəbul olunmuş istehlak səviyyəsini , təhsil almağı, peşəyə yiyələnməyi, ailənin ev əldə etmək və ya onu kirayələmək imkanının olmasını, ayrı-ayrı uzunmüddətli istifadə əmtəələrinin əldə olunmasını təmin edir.

Yoxsulluq səviyyəsi gəliri yoxsulluq səviyyəsindən aşağı olan (bu zaman ailənin əsas tələbatları onları təmin etmək üçün lazım olan vəsaiti üstələyir) hissəsinin əhalinin miqdarını faizlə göstərir. Ailənin gəlir səviyyəsi ona tələbatlarını yaşayış minimumu səviyyəsində ödəməyə imkan verməyəndə ailə yoxsul hesab olunur.

ABŞ-da yoxsulluq həddinin müəyyənləşdirilməsi üçün belə bir metodikadan istifadə olunur: əgər ailənin gəliri qidalanmaya xərclərin həcminin üç mislindən azdırsa, ailə yoxsul hesab olunur. Bu zaman nəzərə alınır ki, inkişaf etmiş ölkələrdə qidalanmaya xərclər məcmu istehlak xərclərinin üçdən birini təşkil etməlidir.

Yoxsulluq həddindən aşağı səviyyədə yaşayanlar üçün qidalanma ailə büdcəsi xərclərinin əsas maddəsini təşkil edir. Minimum əməkhaqqı - bu, əməkhaqqının qanunvericiliklə müəyyənləşdirilmiş minimum səviyyəsidir ki, bir qayda olaraq yaşayış minimumuna uyğun olmalıdır. Əgər müəssisə işçilərə qanunla müəyyənləşdirilmiş səviyyədə haqq ödəmək iqtidarında deyildirsə, o, müflis elan edilir və qanuna görə onu ləğv etmək lazımdır.

Gəlirlərin istehsal amillərinə tələb və təklifin rəqabət mexanizmi əsasında bazar bölgüsü, hər bir amilin mükafatlandırılması onun son hədd məhsuluna müvafiq olaraq baş verir. Bu mexanizm gəlirlərin bölgüsündə bərabərliyə təminat vermir və əslində inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə onların bölgüsündə xeyli bərabərsizlik müşahidə olunur. Funksional və fərdi gəlir bölgüsünü fərqləndirmək qəbul olunmuşdur.

Funksional bölgü milli gəlirin müxtəlif istehsal amilləri (əmək, kapital, torpaq, sahibkarlıq) sahibləri arasında bölünməsini göstərir. Bu halda bizi «milli kökənin» hansı hissəsinin əməkhaqqının, faizin, renta gəlirlərinin, mənfəətin payına düşməsi maraqlandırır. Fərdi bölgü - gəlirin ölkə vətəndaşları arasında onların hansı istehsal amillərinin sahibi olmalarından asılı olmayaraq bölgüsüdür. Bu halda biz milli gəlirin pulla ifadədə hansı hissəsini 10% ən yoxsul ailənin və 10% ən varlı ailənin payına düşməsini təhlil edirik.

Sosial siyasətin mahiyyəti cəmiyyət üzvləri arasında əhalinin aztəminatlı qruplarına köməyə, yoxsulluğun azaldılmasına və bütün cəmiyyət üzvləri üçün məqbul rifah səviyyəsinə qatılmasına yönəldilmiş münasibətlərin tənzimlənməsindən ibarətdir.

Sosial siyasət dövlət büdcəsindən maliyyələşdirilən sosial proqramların hazırlanması və həyata keçirilməsi, gəlirlərin təkrar bölgüsü, əhalinin məşğulluğunun tənzimlənməsi və s. yolu ilə həyata keçirilir.

Sosial siyasətin aparılmasının zəruriliyi yalnız gəlirlərin ilkin bölgüsündə amillər üzrə bölgü nəticəsində qeyri-bərabərliyin olması ilə deyil, həm də ailə büdcələrinin formalaşması və ailələrin strukturu, öhdədə olanlarla müstəqil gəliri olanların nisbəti ilə şərtlənir. Son nəticədə bölgüdə qeyri-bərabərlik çoxuşaqlı ailələrdə, əlillər və ya əmək qabiliyyəti olmayanlar olduqda, istehlakda qeyri-bərabərliklə dərinləşir.

Bundan başqa, cəmiyyət inkişaf etdikcə təhsilin səviyyəsinə və iş qüvvəsinin inkişafına tələblər də artır. Elmi-texniki tərəqqi yaradıcı əməyi, işçinin innovasiyalı, yaradıcı potensialından istifadəni iqtisadi və sosial yüksəlişin əsas amilinə çevirir. Təhsil və səhiyyəyə tələbatlar elədir ki, onlar cəmiyyət nöqteyi-nəzərindən prioritetlidirlər və onların təmin edilməsini cəmiyyət öz nəzarətində saxlayır.

XX əsrin ikinci yarısı ərzində inkişaf etmiş ölkələrdə sosial siyasətin həyata keçirilməsi sosial bazar təsərrüfatının (və ya ümumi rifah) formalaşmasına səbəb oldu ki, burada əhalinin çox hissəsi üçün ixtisaslı əmək və yaradıcı fəaliyyət üçün zəmin yaradılması, şəxsiyyətin innovasiya potensialından istifadə və cəmiyyətin sosial sabitliyinin təmin edilməsi üçün lazım olan sabit rifah səviyyəsi təmin edilir.

Sosial bazar iqtisadiyyatı, təsərrüfat sisteminin xüsusi bir növü kimi, sadəcə olaraq əhalinin yüksək rifah səviyyəsi ilə səciyyələnmir. Onu bu sistemin bütün elementlərinin fəaliyyətini sosial ədalət, müdafiə, yüksək həyat səviyyəsi və sosial-iqtisadi proqramları keyfiyyəti məqsədlərinin realizə olunmasına istiqamətləndirən sosial-iqtisadi institutlar dəsti fərqləndirir.

Yüksək həyat səviyyəli və böyük sosial xərcli iqtisadiyyatı bilavasitə sosial bazar iqtisadiyyatının özündən fərqləndirmək vacibdir. Birincisi çox yüksək maddi sərvət səviyyəsinə nail olmuş adi liberal cəmiyyətdir və buna görə də yoxsullara köməyə, səhiyyənin, təhsilin maliyyələşdirilməsinə və digər sosial məqsədlərə böyük məbləğdə vəsait ayıra bilir. Belə cəmiyyətə ən bariz misal ABŞ və Kanadadır. Lakin bu ölkələrin müxtəlif sosial qrupların maraqlarının uzlaşdırılmasının kifayət qədər güclü «özündə quraşdırılmış» mexanizmi yoxdur.

Bunun əksinə olaraq, məsələn, Avstriya, Belçika və İsveçrə kimi kiçik Qərbi Avropa dövlətləri «sosial iqtisadiyyat» ölkələrinə aid edilə bilərlər, çünki onlar gəlir və həyat keyfiyyətinin mütləq göstəricilərinə görə aparıcı bazar iqtisadiyyatı dövlətlərindən geri qalsalar da, onların sosial-iqtisadi və hüquqi normaları əhalinin əsas hissəsi üçün sosial razılığın və yüksək həyat səviyyəsinin əldə olunmasına «köklənmişlər».

Müxtəlif ölkələrdə tətbiq olunan sosial-iqtisadi modellərə çatılmış inkişaf səviyyəsindən, tarixi yolundan və milli ənənələrindən asılı olaraq aşkar görünən spesifiklik xasdır. Dörd əsas modeli fərqləndirmək olar. Birinci model ənənəvi olaraq kontinental və ya alman modeli adlanır.

Kontinental model Almaniyadan başqa, Avstriyada, Belçikada, Niderlandda, İsveçrədə, qismən Fransada tətbiq olunur. Bu model üçün büdcə vasitəsilə ÜDM-in təkrar bölgünün yüksək həcmi (50%-ə yaxın), işverənlərin hesabına sığorta fondlarının formalaşması, inkişaf etmiş sosial tərəfdaşlıq sistemi, tam və ya heç olmasa yüksək səviyyəli məşğulluğa can atma səciyyəvidir.

İkinci - ingilis-sakson modelidir və Böyük Britaniya, İrlandiya və Kanadada istifadə olunur. O, ÜDM-in büdcə vasitəsilə bölgüsünün daha aşağı səviyyəsini (40%-dən az), dövlətin məşğulluq siyasətinin əsasən passiv səciyyəli olmasını, sosial xidmətlərin göstərilməsində xüsusi ictimai şirkət və təşkilatların xüsusi çəkisinin yüksək olmasını nəzərdə tutur. Burada qeyd etmək lazımdır ki, müxtəlif ümumi indekslər üzrə həyatın «rahatlığı» və keyfiyyətinə görə Kanada son illərdə dünyada birinci yerə çıxmışdır. Cənubi

Avropa ölkələrində (Yunanıstan, İspaniya və İtaliya) üçüncü model - Aralıq dənizi modeli həyata keçirilir. Büdcə vasitəsilə təkrar bölünən ÜDM-in səviyyəsi burada xeyli fərqlidir (Yunanıstan və İtaliyada az qala 60%-dən İspaniyada 40%-ə qədər). Sosial siyasət əsasən sosial müdafiəsi zəif olan vətəndaşlara ünvanlanır və ümumi səciyyə daşımır. Nəhayət, dördüncü - Skandinav modeli İsveçdə, Danimarkada, Norveçdə və Finlandiyada tətbiq olunur (əslində bu model sosial deyil, sosial-demokratik bazar iqtisadiyyatlarına aiddir).

Skandinav modelinə olduqca fəal sosial siyasət, sosial rifahın dövlətin iqtisadi fəaliyyətinin məqsədi kimi dərki, büdcə vasitəsilə təkrar bölünən milli sərvətin həcminin böyük olması (ÜDM-in 50-60%), sosial həmrəylik ideyasının həyata keçirilməsi və sosial siyasətin fəal qabaqlayıcı xarakteri xasdır.

Sosial xərclərin maliyyələşdirilməsində əsas rolu dövlət oynayır və bu rolu həm mərkəzi hökumətin büdcəsi, həm də submilli büdcələr vasitəsilə həyata keçirir. Sosial mühitə görə məsuliyyəti öz üzərinə götürən dövlət öz hərəkətlərinin ictimaiyyət tərəfindən olduqca ziddiyyətli qarşılanması məsələsi ilə üzləşir. Məsələ burasındadır ki, sosial tədbirlərin uğurla həyata keçirilməsi üçün külli miqdarda maliyyə vəsaiti lazımdır.

Onların mənbəyi vergilərdir. Buradan da belə bir qanunauyğunluq irəli gəlir: sosial nemətlərin səviyyəsi nə qədər yüksək olarsa, vergiqoyma bir o qədər sərt olmalıdır. Sosial siyasətin ən mühüm istiqamətləri İnkişaf etmiş ölkələrdə sosial siyasətin aparılması praktikası onun həyata keçirilməsinin bir neçə istiqamətini doğurmuşdur.

Bunlara aiddirlər:

• sosial sığorta;

• əhalinin sosial müdafiəsi;

• əməkhaqqı sahəsində siyasət;

• əmək bazarında sosial tədbirlər;

• mənzil siyasəti. Sosial sığorta - məcburi xüsusi ödənişlər əsasında təşkil olunmuş pul ödəncləri sistemidir. Sığorta ödənclərinə aiddirlər: işsizliyə, müvəqqəti əmək qabiliyyətsizliyinə, hamiləliyə görə ödənclər, həmçinin qocalığa, əlilliyə, ailə başçısını itirməyə görə təqaüdlər və s.

Sığortanın xüsusiyyəti ödənclərlə sığorta xidmətlərinin həcmi arasındakı sıx əlaqədədir. Ödənclərin həcmi fərdi ödənclərin həcmindən asılıdır. Sosial sığorta üzrə bütün ödənişlər əməkhaqqı ilə əlaqələndirilir və onun həcminin faizi şəklində həyata keçirilir. Sığortanın bu kimi prinsipi bazar prinsiplərinə cavab verir.

Dünya praktikasında sığortanın iki növü mövcuddur: xüsusi (könüllü) və dövlət (məcburi). Sığorta fiziki və hüquqi şəxslərin mülkiyyət maraqlarını müdafiə etmək və uğursuz hallar və hadisələr üz verdikdə onların maddi itkilərinin əvəzini ödəmək üçün məqsədli pul vəsaitləri fondlarının formalaşması və istifadəsi üzrə təkrar bölgü münasibətlərinin xüsusi sahəsini təşkil edir. İctimai təkrar istehsal prosesində sığortanın mühüm rolu dövlətin iqtisadi inkişaf tipinə müvafiq sığorta xidmətləri bölməsinin olmasını nəzərdə tutur.

Bazar təsərrüfatı şəraitində təbiət xarakterli fövlqəladə hallardan (zəlzələ, torpaq sürüşmələri, sel və s.) və texnogen (yanğınlar, qəzalar, partlayışlar və s.) risklərdən müdafiə üzrə ənənəvi sığortanın imkanlarından istifadə ilə yanaşı sahibkarların maliyyə və kredit öhdəliklərinin pozulması, kontragentlərin ödəniş qabiliyyətli olmaması və mənfəət və gəlirin itirilməsinə səbəb olan digər iqtisadi amillərin təsirindən meydana gələn zərərlərin sığorta hesabına ödənilməsinə tələbatları artır.

Vətəndaşların həyatının, sağlamlığının, əmək qabiliyyətinin və maddi rifahının sığorta mühafizəsi də onların iqtisadi maraqları ilə sıx bağlıdır və əmlak, şəxsi və sosial 378 Sosial siyasətin mahiyyəti sığorta xidmətləri vasitəsilə həyata keçirilir. Sığorta xidmətləri məcburilik və ya könüllülük əsasında təqdim oluna bilir.

Əhalinin sosial müdafiəsi üzrə tədbirlər sırasında dövlət pensiyaları mühüm yer tutur. Pensiya təminatının sosial əhəmiyyəti olduqca böyükdür - o, 37 milyona yaxın qocaların, əlillərin və ailə başçısını itirmiş ailələrin üzvlərinin həyat əhəmiyyətli maraqlarına toxunur. Hazırda Rusiyanın dövlət pensiya sistemi 1992-ci ildə qiymətlərin pensiyanın alıcılıq qabiliyyətinin dəstəklənməsi istiqamətində təsirli tədbirlərlə müşayiət olunmayan kəskin sıçrayışının doğurduğu böhran yaşayır. Əmək bazarına nisbətdə sosial siyasət hər şeydən əvvəl dövlətin iş qüvvəsinə tələbə təsir göstərmək imkanları ilə bağlıdır.

Bundan başqa, bu bazara təsir ölkədə xarici iş qüvvəsindən istifadəyə aid hüquq normalarının dəqiqləşdirilməsi vasitəsilə aparılır. Tənzimləmə bəzi işçi qruplarının əmək bazarına çıxış imkanlarının azaldılması yolu ilə də (məsələn, pensiya yaşının azaldılması vasitəsilə) aparıla bilər. Bundan başqa, dövlət maraqlı orqanları onun vəziyyəti barədə məlumatlandırmaqla da əmək bazarına təsir edə bilər. Dövlət iqtisadiyyatda struktur dəyişiklikləri ilə əlaqədar işçilərin yenidən hazırlanması sisteminin təşkilini və maliyyələşdirilməsini öz üzərinə götürməklə də bu bazara ciddi təsir göstərir.

Əməyin ödənilməsi sahəsində sosial siyasət differensiasiya edilmiş şəkildə həyata keçirilir. İxtisaslaşdırılmamış əmək sahəsindəki işçilərə münasibətdə minimum əməkhaqqı səviyyəsi təsbit olunur ki, onu bundan aşağı səviyyədə ödəməyə icazə verilmir. Dövlət qanunların köməkliyi ilə əməyin haqqının ödənilməsinin ritmini də müəyyənləşdirir (məsələn, hər 14 gündən bir və ya ayda bir dəfə). Əməkhaqqı siyasəti bəzi hallarda onun son hədd səviyyəsinin müəyyənləşdirilməsini və müəyyən zaman kəsiyi ərzində dəyişilməməsini nəzərdə tutur. Əməkhaqqının artım tempinə də məhdudiyyət qoyulması mümkündür. Bu tədbirlər İnflyasiyanın qarşısının alınması və tədiyyə balansı sahəsində çətinliklərin aradan qaldırılması üçün tətbiq olunurlar. Lazımi yaşayış şəraitinin təmin edilməsi siyasəti mənzil kirayələyən işçilərə kömək məqsədilə büdcədən vəsait ayrılması yolu ilə aparılır. Lakin alternativ variant da var: dövlət mənzil tikintisini həvəsləndirmək iqtidarındadır.

Məsələn, ərazi hakimiyyət orqanları nisbətən ucuz yaşayış komplekslərini tikir və gəlirləri aşağı olan ailələrə icarəyə verirlər, xüsusi tikinti kooperativləri tərəfindən tikilmiş mənzillərdən istifadə olunur. Dövlət hərdən tikinti təşkilatlarına pulsuz torpaq sahəsi ayırır, onlara güzəştli kreditlər verir və ya onlara daha yüngül vergilər tətbiq edir. Dövlət adətən sahibkarların kirayəyə verdikləri yaşayış sahəsindən aldıqları gəlirlərinin son hədd məbləğini müəyyən etməklə mənzil haqqının həcmini müəyyənləşdirir və ya torpağı xüsusi mülkiyyətdən pulla alıb onları dövlət mənzil tikintisi üçün istifadə edir.

Əhalinin gəlirlərinə dövlətin təsiri onun institusional əsasları ilə bağlıdır. Əhali gəlirlərinin tənzimlənməsinin institusional əsası kimi sistem dəyişikliklərinin həyata keçirilməsi, sosial sabitliyin və əhalinin gəlir səviyyəsi aşağı olan qrupunun gəlirliliyinin qənaətbəxş səviyyədə saxlanılması üçün nəzərdə tutulmuş ən iri pul fondu olan dövlət büdcəsi çıxış edir. Bu mənada büdcə bazar müvazinətinin müəyyənləşdirilməsində qiymət mexanizminin oynadığı rolu oynayır.

Keçid iqtisadiyyatında əhali gəlirlərinin dövlət tənzimləmə metodlarından sistemli istifadəyə əməkhaqqının, vergiqoymanın, gəlirlərin indeksasiyasının və transfert ödənişlərinin tənzimlənməsi daxildir. Əməkhaqqına dövlət təsiri minimum əməkhaqqının həcminin müəyyənləşdirilməsi yolu ilə həyata keçirilir. Xüsusi sahibkarlıq sahəsində işçilər və işverənlər (və dövlət) arasında sosial tərəfdaşlıq adı almış ikitərəfli (üçtərəfli) xüsusi razılaşmalar qüvvədə olur.

Əhali gəlirlərinin dövlət tənzimləməsinin növbəti və heç də daha az əhəmiyyətli olmayan aləti mütərəqqi vergilərdir, Vergiqoyma dövlət tənzimləməsinin dolayı metodudur. Vergi tənzimləməsi dedikdə əhalinin gəlirlərinin bir qisminin ümumdövlət ehtiyaclarının ödənilməsi məqsədilə müəyyən faiz dərəcələri üzrə dövlət tərəfindən tamamilə öz sərəncamına götürməsidir.

Əhali gəlirlərinin dövlət tənzimləməsinin daha bir aləti onların indeksasiyasıdır. Əhali gəlirlərinin indeksasiyası dedikdə inflyasiyanın artması şəraitində əhalinin pul gəlirlərinin istehlak qiymətlərinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin saxlanılmasına uyğunlaşdırmaq məqsədilə istehsal olunmuş ictimai gəlirin bölgüsünün bazar qanunauyğunluqlarının realizə olunması üçün zəruri olan dövlət mexanizmi başa düşülür.

Gəlirlərin indeksasiyası, bir tənzimləmə aləti kimi, qiymətlərin artması nəticəsində gəlirlərin itirilməsini kompensasiya etməyə təyinatlanıb. İndeksasiya mexanizmindən istifadə onun əsas elementlərinin (indeksin, dəqiqləşdirmənin forması və dövriliyinin seçilməsi) cəmiyyətin və dövlətin iqtisadi imkanlarının alınması ilə əvvəlcədən hesablanılmasını nəzərdə tutur.

İndeksasiya həm dövlət büdcəsi hesabına, həm də büdcədənkənar fondlar hesabına həyata keçirilir. Müasir bazar şəraitində əhalinin gəlirlərinin tənzimlənməsi vasitəsi qismində transfertlər də çıxış edə bilir. Transfert-gəlir və ya əmlakın bir hissəsinin təmənnasız verilməsidir. Dünya praktikasında sosial transfertlərə mütəxəssislərin münasibəti eyni deyil.

Belə ki, XX əsrin 60-70-ci illərində transfert ödənişlərinin artması müsbət hadisə kimi qiymətləndirilirdi və əhali gəlirlərinin tənzimlənməsində dövlətin rolunun artdığını göstərirdi. Hazırda transfertlərin tənzimləyici rolunun azalmasına meyil get-gedə daha aşkar görünməkdədir. Bundan başqa, bir sıra xarici mütəxəssislər hesab edirlər ki, transfert ödənişlərinin artması əhaliyə zərər vurur, çünki həyat qüvvələrinə zərbə vuran «narkotik» rolunda çıxış edir. Hazırda Qərb ölkələrinin sosial siyasətində ağırlıq mərkəzi passiv transfertlərdən (birbaşa pul ödənişlərindən) dövlətin təhsilə, elmə, səhiyyəyə, insan kapitalına investisiyaları ilə bağlı xərcləri ilə əlaqədar fəal transfertlərə keçir. Sosial müdafiəlilik «Sosial müdafiə» anlayışının özünün təyin edilməsinə müxtəlif yanaşmalar var. Bəzən ona insanın sosial mühitinə aid hər şeyi - sağlam ətraf mühiti, uşaqlara qayğını, mənzil və nəqliyyat problemlərinin həllini - daxil edirlər.

Bu yanaşma XX əsrin 70-ci illərində «həyat keyfiyyəti» anlayışı meydana gələndə təşəkkül tapmışdı. Təəssüf ki, bu yanaşma ümumi olmadı və sosial müdafiə əsasən xeyli dar mənada dərk edilərək pensiya təminatı və işləməyənlərə qayğı ilə məhdudlaşdırılır. Son dövrlərə qədər bizim ölkənin sosial siyasəti belə yanaşmaya əsaslanırdı.

Lakin hələ xeyli əvvəl, ötən əsrin 40-cı illərinin sonu- 50-ci illərinin əvvəllərindən yoxsulların sosial müdafiəsi üçün geniş tədbirlərin görülməsinin zəruriliyini bəyan edən «rifah dövləti» (Welfare state) konsepsiyası bir çox ölkələrin rəsmi doktrinası olmuşdur. Amma demək olar ki, sosial dəstək siyasəti Qərb ölkələrində Welfare State tədbirlərindən xeyli əvvəl aparılmağa başlamışdı: hələ XIX əsrin sonu - XX əsrin əvvəllərində Almaniyada Bismarkın, Böyük Britaniyada Dizraelin sosial islahatları, ABŞ-da Ruzveltin “Yeni kurs”u həyata keçirilmişdi, ölkə vətəndaşlarının minimum həyat standartının saxlanılmasına dövlət məsul elan edilirdi.

“Rifah dövləti” proqramına həm əhalinin bütün təbəqələrinə aid olan sosial sığorta proqramları, həm də ən az təminatlı ailələrin gəlirlərinin dəstəklənməsi üçün tədbirlər sistemi: qocalığa, xəstəliyə görə sığorta, işsizliyə görə müavinət; uşaqlı natamam ailələrə, korlara, əmək qabiliyyəti olmayanlara və b. özündə ərzaq talonlarını, mənzil təminatını, digər sosial xidmətləri birləşdirən əlavə dövlət yardımı cəmiyyətdə iqtisadi artım və həyat səviyyəsinin qarşılıqlı əlaqəsi proqramları daxildir. “Rifah dövləti” proqramlarında transfertlərə xüsusi rol ayrılır.