“Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi

Elşən NƏSİROV
Naxçıvan Dövlət Universitieti
Dünya İqtisadiyyatı və Menecment
kafedrasının müəllimi


“Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi əsasən Frankfurt şəhərindən Honkonq şəhərinə, Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya çatacaqdır.

Strateji baxımdan TASİM-in reallaşması iki mərhələdən ibarət olacaqdır. Birinci mərhələdə aparıcı region ölkələri və operatorları Qərbi və Şərqi birləşdirən əsas internet tranzit infrastrukturunu yaradacaqlar. İkinci mərhələdə TASİM qurulan tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrini münasib qiymətli bağlantı ilə təmin edəcəkdir.

Layihənin tarixçəsi:

★ 2008-ci ildə “Bakutel” sərgisi çərçivəsində layihənin yaradılmasına dair xüsusi Bakı Bəyannaməsi qəbul edilir;

★ 2009-cu ilin 21 dekabrında BMT Baş Assambleyası TASİM layihəsinə dair xüsusi qətnamə qəbul edir;

★ 2010-cu ilin aprel ayında TASİM layihəsinin İdarəetmə Qrupu yaradılır;

★ 2011-ci ilin iyul ayında Azərbaycan tərəfi, Çin (Chinatelecom), Qazaxıstan (Kaztranscom), Rusiya (Rostelecom), Türkiyə (Turktelekom) iştirakı ilə TASİM üzrə 1-ci Beynəlxalq seminar keçirilib və nəticədə layihənin Katibliyi yaradılıb;

★ 2011-ci ildə İstanbulda, 2012-ci ildə isə Budapeştdə TASİM üzrə telekom operatorlarının görüşləri keçirilib;

★ 2012-ci və 2013-cü illərdə BMT Baş Assambleyasında TASİM layihəsi üzrə növbəti qətnamələr qəbul edilir;

★ 3 dekabr 2013-cü il tarixində layihəyə daxil olan 5 telekom operatoru ilə Anlaşma Memorandumu imzalanır;

★ 10-12 iyul 2014-cü il tarixlərində “Rostelekom”, “Turktelekom”, “ChinaTelekom”, “Kaztranskom” şirkətlərinin iştirakı ilə Baki şəhərində TASİM layihəsi üzrə növbəti 5-ci Beynəlxalq seminar keçirilib;

★ 29 noyabr 2016-cı ildə “Bakutel” sərgi-konfransı çərçivəsində TASİM iştirakçı dövlətlərinin yüksəksəviyyəli qeyri-rəsmi görüşü keçirilir;

★ 13 aprel 2017-ci il tarixində TASİM layihəsi üzrə danışıqların fəallaşdırılması məqsədi ilə TASİM konsorsiumuna daxil olan 4 ölkənin (Rusiya, Çin, Türkiyə, Qazaxıstan) Azərbaycan Respublikasındakı səfirliklərinin, SOCAR-ın, Xarici İşlər Nazirliyinin nümayəndəsinin iştirakı və nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin rəhbərliyi ilə qeyri-rəsmi görüş baş tutub;

★ 16-17 may 2017-ci il tarixlərində İstanbul şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunun 2-ci iclası çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan nümayəndə heyətlərinin iştirakı ilə TASİM alt-qrupunun iclası keçirilib, layihə üzrə texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə podratçı şirkətin seçilməsinə dair müzakirələr aparılıb;

★ 7 sentyabr 2017-ci il tarixində Almatı şəhərində Qazaxıstanın “KazTransCom” şirkətinin dəvəti ilə TASİM işçi qrupunun növbəti iclası keçirilib. İclasda Qazaxıstan tərəfindən rəsmi olaraq layihəyə “KazTransCom” şirkəti ilə yanaşı, “Transtelekom” şirkətinin qoşulduğu elan edilib. “Transtelekom” şirkəti ilə “KazTransCom” şirkəti layihədə vahid konsorsium qismində çıxış edəcəklər;

★ TASİM layihəsinin reallaşdırılması məqsədilə ətraflı texniki iqtisadi əsaslandırmanın aparılması üzrə birgə büdcənin yaradılması üçün Azərbaycan tərəfindən irəli sürülmüş təklif müsbət qarşılanıb.