Beynəlxalq iqtisadiyyatın hüquqi tənzimlənməsi

Elşən NƏSİROV
Naxçıvan Dövlət Universitieti
Dünya İqtisadiyyatı və Menecment
kafedrasının müəllimi


Dövlətlər arasında iqtisadi əlaqələrin, ilk növbədə də ticarət əlaqələrinin beynəlxalq-hüquqi tənzimlənməsi qədim zamanlarda meydana gəlmişdir. Ticarət münasibətləri qədimdən beynəlxalq müqavilələrin əsas predmetlərindən biri kimi çıxış etmiş, azad ticarət münasibətləri mənəvi və hüquqi prinsip kimi tanınmışdır.

XVII əsrdə ilk xüsusi beynəlxalq ticarət müqavilələri meydana gəlmişdir. XX əsrə qədər dövlətlərin qarşılıqlı iqtisadi münasibətlərinin tənzimlənməsinə dair bir sıra xüsusi prinsiplər, institutlar və beynəlxalq-hüquqi doktrinalar təşəkkül tapmışdır.

“Bərabər imkanlar”, “açıq qapılar”, “konsul yurisdiksiyası”, “qazanılmış hüquqlar”, “millət üçün ən əlverişli”, “milli-rejim”, “qeyri-ayrıseçkilik” və s. bu kimi prinsip və nəzəriyyələrdə azad ticarətin mənafeləri ilə xarici bazarların inhisara alınması arasındakı ziddiyyətlər əks edilmişdir.

XIX-XX əsrlərdə beynəlxalq iqtisadi və elmi-texniki əməkdaşlığın yeni formalarının meydana gəlməsi yeni müqavilə növlərinin (mal dövriyyəsi və ödəmələr haqqında, nəqliyyat, rabitə, sənaye mülkiyyəti və s. üzrə sazişlər) yaranmasına, habelə çoxsaylı beynəlxalq iqtisadi və maliyyə təşkilatların yaranmasına təkan vermişdir.

İkinci dünya müharibəsindən sonra bu sahədə inkişaf daha da sürətlənmişdir. Beynəlxalq iqtisadi əməkdaşlığın və onun hüquqi tənzimlənməsinin beynəlxalq həyatda müstəsna rolu vardır. Təkcə onu göstərmək kifayətdir ki, bağlanan bütün beynəlxalq müqavilələrin və fəaliyyət göstərən beynəlxalq təşkilatların böyük əksəriyyəti dövlətlərin qarşılıqlı münasibətlərinə aiddir.

XXI əsrdə beynəlxalq iqtisadi münasibətlərin makrosəviyyədə tənzimlənməsi, yəni çoxtərəfli mexanizmlər və ya razılaşdırılmış hərəkətlər vasitəsilə bütövlükdə sistemin və ya onun az və ya çox iri altsistemlərinin idarəedilməsi daha böyük əhəmiyyət kəsb etməyə başlamışdır. Makrosəviyyədə problemlərin obyektiv həlli ya çoxtərəfli (universal) , ya da üstmilli tənzimlənmə mexanizmlərinin olmasını tələb edir.

Beynəlxalq iqtisadi münasibətlər iki hüquqi sistemin tənzimlənmə obyekti kimi çıxış edir. Bunlardan biri dövlətlərin daxili hüququ, digəri isə beynəlxalq iqtisadi hüquqdur. Daxili hüquqda beynəlxalq iqtisadi münasibətlər fərdi hüquqi və publikhüquqi sahələrin (məsələn, mülki hüquq, inzibati hüquq) vasitəsilə tənzimlənir.

Beynəlxalq iqtisadi hüquq isə publik şəxslər (dövlətlər, dövlətlərarası təşkilatlar) arasında qarşılıqlı münasibətləri tənzimləyir. Daxili hüquq və beynəlxalq iqtisadi hüquq bir-birləri ilə aktiv şəkildə qarşılıqlı fəaliyyətdə olurlar. Bu qarşlıqlı fəaliyyətdən mərhələ-mərhələ onların keyfiyyətcə yeni vahidi formalaşır. Bu vahidi isə qlobal hüquqi sistem adlandırmaq olar.

Yuxarıda deyilənlərdən beynəlxalq iqtisadi hüququ ən qısa şəkildə belə müəyyən etmək olar: beynəlxalq iqtisadi hüquq beynəlxalq iqtisadi münasibətləri tənzimləyən beynəlxalq hüquqi normalar sistemidir. Başqa sözlə, beynəlxalq iqtisadi hüquq beynəlxalq hüquq subyektləri arasında münasibətləri tənzimləyən normalar sistemidir.

Bu normalar həmin subyektlərin beynəlxalq iqtisadi münasibətlərin müxtəlif sahələrindəki (ticarət, maliyyə, investisiya və s.) fəaliyyətlərinə tətbiq edilir.

Beləliklə, beynəlxalq iqtisadi hüququ beynəlxalq ümumi hüququn dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında beynəlxalq münasibətləri tənzimləyən prinsip və normaların məcmusundan ibarət olan sahəsi kimi müəyyən etmək olar.

Beynəlxalq iqtisadi hüququn tənzimləmə predmeti kimi əsasən iki hüquqi münasibətlər qrupu çıxış edir:

•resursların ikitərəfli və ya çoxtərəfli qaydada (o cümlədən makrosəviyyədə) transsərhəd hərəkəti ilə əlaqədar publik şəxslər arasında münasibətlər;

•fərdi şəxslərin beynəlxalq iqtisadi münasibətlərdə qarşlıqlı fəaliyyətdə olduqları, əmtəələrin/xidmətlərin, pul vəsaitlərinin, investisiyaların, işçi qüvvəsinin və s.-nin hərəkətdə olduğu daxili hüquqi rejimlərlə əlaqədar olaraq publik şəxslər arasında münasibətlər.

Beləliklə, beynəlxalq iqtisadi hüququn predmeti dövlətlər arasında, habelə beynəlxalq publik hüququn digər subyektləri arasıda çoxtərəfli və ikitərəfli beynəlxalq iqtisadi münasibətlərdir. İqtisadi münasibətlərə ticarət əlaqələrini, habelə istehsalat, elmi-texniki, valyuta-maliyyə, nəqliyyat, rabitə, energetika, intellektual mülkiyyət, turizm və s. sahələrdə kommersiya münasibətlərini aid etmək olar.

Qərb ölkələrinin müasir hüquq ədəbiyyatında beynəlxalq iqtisadi hüququn bir əsas konsepsiyaları irəli sürülmüşdür. Bunlarda birinə, klassik konsepsiyaya görə, beynəlxalq iqtisadi hüquq beynəlxalq publik hüququn sahəsidir və onun predmeti beynəlxalq hüququn subyektləri arasında iqtisadi münasibətlərdir.

Hazırda Qərb ədəbiyyatında geniş yayılmış konsepsiyaya əsasən, beynəlxalq iqtisadi hüququn normaları, mənbəyi həm beynəlxalq hüquq, həm də dövlətdaxili hüquqdur, beynəlxalq iqtisadi hüququn hüquqi qüvvəsi isə bir dövlətin hüdudlarından kənara çıxan ticarət münasibətlərində iştirak edən bütün hüquq subyektlərini əhatə edir. Bu ikinci konsepsiya Qərbdə irəli sürülmüş və beynəlxalq hüququn subyektləri kimi dövlətlərlə transmilli şirkətləri bərabərləşdirmək üçün istifadə edilən transmilli hüquq nəzəriyyələrinə uyğundur.

İnkişaf edən ölkələrin hüquq ədəbiyyatında həmçinin “inkişaf üzrə beynəlxalq hüquq” konsepsiyası geniş yayılmışdır. Bu nəzəriyyəyə görə ən yoxsul ölkələr inkişaf etmək üçün xüsusi hüquqa malik olmalıdır. Beynəlxalq iqtisadi hüquq ümumi və xüsusi hissələrə bölünür. Ümumi hissəyə aşağıdakıları əks etdirən beynəlxalq-hüquqi institutlar daxildir:

- beynəlxalq iqtisadi hüququn xüsusi (sahəvi) prinsipləri;

- dövlətlərin, beynəlxalq iqtisadi hüququn digər subyektlərinin hüquqi vəziyyətləri;

- beynəlxalq iqtisadi münasibətlərin “operatorları”nın beynəlxalq-hüquqi statusu;

- dövlət mülkiyyəti rejimi və “bəşəriyyətin ümumi varidatı” rejimi də daxil olmaqla müxtəlif növ resursların beynəlxalq-hüquqi rejimi;

- “iqtisadi inteqrasiya hüququ”;

- “iqtisadi inkişaf hüququ”;

- beynəlxalq iqtisadi hüquqda dövlətlərin məsuliyyəti qaydaları və sanksiyaların tətbiqi;

- beynəlxalq iqtisadi qaydanın və beynəlxalq iqtisadi təhlükəsizliyin ümumi əsasları;

- beynəlxalq mübahisələrin tənzimlənməsinin prosessual normaları və s. Xüsusi hissəyə bütün əsas növ resursların (əmtəələr, maliyyə, investisiyalar, işçi qüvvəsi) transsərhəd hərəkətini tənzimləyən altsahələr/institutlar daxildir:

- beynəlxalq ticarət hüququ, bu hüququn çərçivəsində əmtəələrin hərəkəti, həmçinin xidmətlərlə, intellektual mülkiyyətin nəticələri ilə ticarət tənzimlənir;

- beynəlxalq maliyyə hüququ, bu hüquq maliyyə axınlarını, hesablaşma, valyuta, kredit münasibətlərini tənzimləir;

- beynəlxalq investisiya hüququ, bu hüquq çərçivəsində investisiyaların (kapitalın) hərəkəti tənzimlənir;

- beynəlxalq miqrasiya hüququ, bu hüquq çərçivəsində əmək resurslarının, işçi qüvvəsinin hərəkəti tənzimlənir;

- beynəlxalq iqtisadi yardım hüququ, bu hüquq əmtəə hesab edilməyən maddi və qeydi-maddi resursların hərəkətini tənzimləyən normalar məcmusudur.

Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi zamanı müxtəlif metodlardan istifadə edilir. Dövlətlər normaları formalaşdırarkən qadağa, məcburetmə və yolvermə kimi metodlardan aktiv surətdə istifadə edirlər. Normativ sərtlik nöqteyinəzərindən dövlətlər tövsiyyə, dispozitiv və imperativ metodlardan istifadə edilir.

Həmçinin birtərəfli hərəkət, ikitərəfli, çoxtərəfli və üstmilli tənzimləmə metodları fərqləndirilir. Son zamanlar transmilli hüquq metodu anlayışından da geniş istifadə edilir. Məqsəd və maraqlar nöqteyi-nəzərindən dövlətlər tənzimlənin ya koordinasiya, ya da subordinasiya metoduna üstünlük verirlər.

Beynəlxalq hüququn ayrı-ayrı sahələrində və altsahələrində tənzimlənən xüsusi metodlarından da istifadə edilə bilər. Məsələn, beynəlxalq ticarət hüququnda əmtəələr üzrə və ya sektorlar üzrə tənzimləmə metodu mövcuddur. Eyni zamanda, dövlətlər və beynəlxalq təşkilatlar arasında səlahiyyətlərin bölüşdürülməsi metodu mövcuddur.

Bütövlükdə beynəlxalq münasibətlər sisteminə təsir metodu kimi beynəlxalq təşkilatların təsis edilməsi metodu çıxış edir. Bura həm qeyri-hökumət təşkilatlarının yaradılması, həm də inteqrasiya birliklərinin yaradılması da aiddir.

Beynəlxalq təşkilatlar daxilində dövlətlər qərarların qəbul edilməsi üçün konsensus, əksəriyyət və s. metodlardan istifadə edirlər.

Beynəlxalq hüquqa və daxili hüquqa təsir aşağıdakı metodlarla həyata keçirilir:

beynəlxalq-hüquqi normaların unifikasiyası, daxili hüquq normalarının unifikasiyası, daxili hüquq rejimlərinin konvergensiyası, beynəlxalq hüququn daxili hüquqa daxil olması və s.

Yuxarıda deyilənlərdən aşağıdakı iki nəticəni çıxarmaq olar:

- beynəlxalq iqtisadi hüququn hər bir altsahəsinin və ayrı-ayrı institutlarının öz metodu və ya metodlar çələngi mövcuddur; bu metodlar tənzimlənən münasibətlərin xüsusiyyətlərinin nəzərə alır;

- hüquqi tənzimlənmənin bu və ya digər metodlarının düzgün seçimi tənzimləmə obyektinə təsirin lazımi səmərəlilik dərəcəsini təmin edir.

Düzgün metodu seçməklə lazımi nəticə ən qısa yol vasitəsilə əldə edilir.

Beynəlxalq iqtisadi hüququn beynəlxalq publik hüququn bir sahəsi olması anlayışından çıxış etsək, belə məntiqi nəticəyə gəlmək olar ki, beynəlxalq hüququn subyektləri həm də beynəlxalq iqtisadi hüququn subyektləridir. Beynəlxalq hüquqda subyektlər kimi adətən dövlətlər və beynəlxalq təşkilatlar qəbul edilir. Onlar adətən şərti olaraq publik şəxslər termini ilə ümumiləşdirirlər. yalnız onlar beynəlxalq hüquq subyektliyi keyfiyyətinə malikdirlər.

Beynəlxalq iqtisadi hüququn subyektləri beynəlxalq ictimaiyyət anlayışını formalaşdırırlar. Beynəlxalq ictimaiyyət öz növbəsində bir tərkib hissəsi kimi beynəlxalq iqtisadi sistemə daxildir. Beynəlxalq iqtisadi hüququn subyektlərinin statusunun əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar təkcə norma və öhdəliklərin daşıyıcıları deyillər. onlar həm də beynəlxalq hüquqi normaların yaradıcılarıdırlar.