Mövzu № 2. Makroiqtisadi tarazlıq

      Makroiqtisadi tarazlıq dedikdə iqtisadi ehtiyatlarla cəmiyyətin tələbatı arasındakı (dəyər ifadəsində) uyğunluq nəzərdə tutulur. Cəmiyyətin tələbatı isə sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Ona görə də tarazlığa ya tələbatın məhdudlaşdırılması (tələbat bazarda özünü tədiyə qabiliyyətli tələb kimi göstərir), ya da istehsal prosesinə cəlb olunan iqtisadi ehtiyatların artırılması yolu ilə nail olunur.

Tədiyə balansı və ya ödəniş balansı – müəyyən dövr ərzində rezidentlər və qeyri-rezidentlər arasında aparılmış bütün iqtisadi əməliyyatları əks etdirən statistik sistemdir.

Tədiyyə balansının tərtibi zamanı əldə rəhbər tutulan əsas prinsip ikili yazılış sistemidir. Bu prinsip ona əsaslanır ki, tədiyyə balansında əks etdiriləş istənilən əməliyyat xarakterindən, növündən asılı olmayaraq bərabər miqdarda iki dəfə qeyd olunur. Belə yazılışlardan biri müsbət işarəli kredit, digəri isə mənfi işarəli debet adlanır.

Qaydalara müvafiq olaraq kredit üzrə aşağıdakı əməliyyatlar əks etdirilir:

1) real resurslar maddələri üzrə ixrac;
2) maliyyə resursları maddələri üzrə mövcud ölkənin rezidentlərinə məxsus xarici aktivlərin azalmasına, yaxud ölkənin xarici öhdəliklərinin artmasına gətirib çıxaran əməliyyatlar.

Debet üzrə isə əksinə:

1) real resurslar maddələri üzrə idxal;
2) maliyyə resursları maddələri üzrə ölkə rezidentlərinə məxsus xarici aktivlərinartmasına, yaxud ölkənin xarici öhdəliklərinin azalmasına gətirib çıxaran əməliyyatlar qeyd olunur.

Makroiqtisadi tarazlığa olduqca mühüm təsir göstərən iqtisadi amillərdən biri də tələb və təklif arasında olan münasibətlərdir.

Tələb və təklif — iqtisadiyyatda ən əsas anlayışlardan biridir. Bu model tələb və təklifin qiymətə necə dəyişildiyini və bazarda müvazinətin əmələ gəlməsini göstərir. Mikroiqtisadiyyatda əsasən bir müəyyən məhsul bazarı araşdırılır, makroiqtisadiyyatda isə bütun məhsullar üzrə ümumi tələb və təklif nəzərə alınır.

Mikroiqtisadiyyatda çox istifadə olunan tələb və təklif modelidir. Tələb və təklif bir birinə nisbətən dəyişəndə əmələ gələn müvazinət qiyməti təyin edir. Burada tək azalan tələb qiymətin düşməsinə səbəb olur:

Tarazlığa nail olunmasında qiymətlər xüsusi rol oynayır. Qiymətlərin qalxıb–enməsi nəticəsində tələblə təklif arasında tarazlıq, onların kəsişmə nöqtəsində isə tarazlıq qiymətləri əmələ gəlir. Qiymətlər həm ayrı-ayrı əmtəələr üzrə, həm də mikro və makroiqtisadi səviyyədə ümumi tələblə təklifin tarazlaşması yolu ilə bütün iqtisadiyyat miqyasında formalaşır. Lakin mikro və makroiqtisadi səviyyədə tarazlığın təmin olunması şərtləri bir-birindən fərqlənir. Makroiqtisadi səviyyədə tarazlığın formalaşması prosesi daha mürəkkəb və ziddiyyətlidir.

Tarazlığın təmin olunmasında həm istehsalçı, həm də istehlakçıların fəaliyyəti mühüm rol oynayır. Belə ki, bazar iqtisadi sistemində istehlakçılar əldə etdikləri əmtəələrin faydalılığını daim artırmağa, yəni əmtəələrin son faydalılığını sərf etdikləri vəsaitin hər vahidi ilə bərabərləşdirməyə çalışırlar. Istehlakçılar da eynilə belə hərəkət edirlər.

Makroiqtisadi səviyyədə qismən (xüsusi) və ümumi iqtisadi tarazlığı bir-birindən fərqləndirmək lazımdır. Qismən tarazlıq iqtisadiyyatın bir-biri ilə qarşılıqlı əlaqədə olan iki tərəfinin kəmiyyətcə bir-birinə bərabər olması (uyğun gəlməsi) deməkdir. Qismən tarazlığa, məsələn, istehsal ilə istehlak, tədiyə qabiliyyəti ilə əmtəə kütləsi, dövlət büdcəsinin gəlirləri ilə xərcləri, ayrı-ayrı bazarlarda tələblə təklif arasındakı tarazlıq misal ola bilər. Qismən tarazlığın nəzəri əsaslarının işlənib hazırlanmasında A.Marşallın böyük xidmətləri olmuşdur. Qismən tarazlıqdan fərqli olaraq ümumi tarazlıq iqtisadi sistemin bütün sahələrinin bir-biri ilə əlaqəli və uzlaşdırılmış şəkildə inkişaf etdirilməsi deməkdir. Ümumi iqtisadi tarazlığın əsasını yalnız istehlak nemətləri üzrə tələb və təklif arasındakı uyğunluq deyil, bütün bazarlardakı uyğunluq təşkil edir. Başqa sözlə, iqtisadi sistemi sabit inkişaf etdirmək üçün bütün bazarlarda tarazlıq olmalıdır.

Ümumi iqtisadi tarazlığın nəzəri əsasları L.Valras tərəfindən işlənib hazırlanmışdır. Onun fikrincə hər hansı bir məhsula olan tələb yalnız o məhsulun özü ilə deyil, həm də başqa əmtəələrin mövcudluğu ilə müəyyən edilir.

Əgər müəyyən şəraitdə qiymətlərdə tez dəyişiklik baş verirsə, bu o deməkdir ki, qiymətlərin indiki səviyyəsində tarazlığa əməl olunmuşdur. Daha dəqiq desək, bu məhsula olan tələb qanunu dəyişir və yeni tarazlıq qiymətləri əmələ gəlir. Beləliklə, tarazlıq qiymətlərinin yeganə variantı haqqında tezis nəzəri cəhətdən özünü doğrultmur. Və onun fərziyyə olduğunu demək, daha düzgündür.

Makroiqtisadi tarazlıq milli iqtisadiyyatın bütün bazarlarını əhatə edir. Odur ki, misal üçün müstəqil kateqoriya olan avtomobillərin qiymətləri yalnız avtomobil bazarında deyil, həm də tutaq ki, ət bazarında, metal bazarında da tarazlığı (dünya iqtisadiyyatının təsiri nəzərə alınmır) təmin etməlidir. L.Valrasın fikrincə, buna tarazlıq qiymətlərinin quruluşu dəyişdikdə nail olunur.

A. Marşall və K. Marks hesab edirdilər ki, tarazlığa ehtiyatların bir sahədən başqa bir sahəyə «axması» nəticəsində (K. Marksın orta mənfəət normasının əmələ gəlməsi haqqında fikirlərini xatırlamaq kifayətdir) nail olunur. Göründüyü kimi, nöqteyi-nəzərlər bir-birinin eynidir.

Ümumi tarazlıq nəzəriyyəsi tələbat və xərclərin qarşılaşdıqları xüsusi varianta əsaslanır. Burada bir-biri ilə qarşılıqlı əlaqə və asılılıqda olan makroiqtisadiyyatın ən əlverişli vəziyyəti nəzərdə tutulur. Daha dəqiq desək, makroiqtisadi tarazlığa, məqsədi daha çox mənfəət əldə etməkdən ibarət olan əlahiddələşmiş bazar subyektlərinin fəaliyyətləri nəticəsində nail olunur.

L. Valrasın tarazlaşma sistemi də məhz yuxarıda deyilən müddəalara əsaslanır. Onun fikrincə heç bir alıcı və satıcı bazar qiymətinə birbaşa təsir edə bilməz. Azad rəqabətin mövcud olduğu bazardakı şərtlərə əsaslanan L.Valras modelinin vəzifəsi çoxsaylı bazarların mövcudluğu şəraitində qiymətlərin əmələ gəlməsinin qanunauyğunluqlarını aşkara çıxarmaqdan ibarətdir.

Iqtisadi sistemin tarazlığı təkcə bazar tarazlığı ilə təmin olunmur. Burada istehsal amilləri də mühüm rol oynayırlar. Belə ki, istehsal dairəsindəki uyğunzusluqlar bazardakı tarazlığın pozulmasına səbəb olur. Ikincisi, iqtisadi sistemi yalnız nəzəriyyədə təcrid olunmuş şəkildə nəzərdən keçirmək olar. Real həyatda isə iqtisadiyyata bazar vasitəsilə təsir etməklə yanaşı, qeyri-bazar amilləri (siyasi, sosial, demoqrafiya və i.a.) ilə də təsir göstərilir. Buna, xalis qeyri-bazar metodu hesab olunan dövlət tənzimləməsi metodları aiddir.

Həyat makroiqtisadi tarazlığın daim təkmilləşdirilməsini tələb edir. Bu, bir sıra amillər, xüsusilə də milli iqtisadiyyatın vəziyyəti, istehsal amillərinin kəmiyyəti və keyfiyyəti, bunlarla bilavasitə əlaqədar olan cəmiyyətin istehsaletmə imkanları ilə bağlıdır.

Bütün bunları ümumiləşdirərək iqtisadiyyatın ümümi tarazlığı üçün aşağıdakı ilkin şərtlərin olduğunu demək olar:

1) Tarazlıq qarşıya qoyulan məqsədin iqtisadi imkanlara uyğun gəlməsi deməkdir. Iqtisadi inkişafın məqsədi və üstün istiqamətləri dəyişdikdə, ehtiyatlara olan tələbat və deməli, proporsiyalar da dəyişir, yeni tarazlıq vəziyyətinin təmin olunmasının zəruriliyi meydana çıxır;

2) Iqtisadi tarazlıq bütün istehsal ehtiyatlarından istifadə olunmasını nəzərdə tutur;

3) Tarazlıq istehsalın və istehlakın strukturunun bir-birinə uyğunlaşdırılması deməkdir;

4) Iqtisadiyyatda ümumi tarazlıq dedikdə, bazar tarazlığı, bütün bazarlarda tələblə təklif arasında tarazlıq nəzərdə tutulur.