Mövzu № 16. İqtisadiyyatın dövlət tənzimlənməsi

1.Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin zəruriliyi.
2. Qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas iqtisadi funksiyaları.
3. Dövlət tənzimlənməsinin obyektləri və subyektləri.
4. İqtisadiyyatın dövlət tənzimlənməsinin formaları və metodları.      

Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin zəruriliyi. Iqtisadiyyatda bazar münasibətlərinin formalaşması sosial-iqtisadi proseslərin dövlətin tabeliyindən çıxarılmasını nəzərdə tutur. Lakin bu o, demək deyildir ki, dövlət mikro və makroiqtisadi səviyyədə bu proseslərin tənzimlənməsindən tamamilə kənarlaşdırılmalıdır. Bazar iqtisadiyyatı nəzəriyyəsinin banilərindən olan A.Smit hələ vaxtilə qeyd edirdi ki, hökmdarın və ya dövlətin vəzifəsi bütövlükdə cəmiyyət üçün son dərəcə faydalı olan, lakin öz vəsaiti ilə bir nəfərin, yaxud da qrupun, xərcini ödəyə bilmədiyi ictimai müəssisələri yaratmaq və həyata keçirməkdən ibarətdir. Odur ki, onların xüsusi şəxslər və ya az sayda xüsusi şəxslərdən ibarət olan qrup tərəfindən yaradılması və saxlanılmasını gözləmək olmaz1

Buradan aydın olur ki, azad prinsipinə və heç nə ilə məhdudlaşdırılmayan rəqabətə əsaslanan bazar, cəmiyyət qarşısında duran bütün problemləri həll etmək iqtidarında deyildir. Və buna görə də dövlətin cəmiyyətdə gedən iqtisadi və sosial proseslərə müdaxiləsi zəruridir.

Dövlətlə biznesin qarşılıqlı fəaliyyəti baxımından kapitalizm bir-birindən az və ya çox dərəcədə fərqlənən iki mərhələdən keçmişdir. Birinci mərhələdə onun əsas vəzifəsi özünün mənafeyini reallaşdırmaq üçün feodal dövlətinin istifadə etdiyi qeyri-iqtisadi məcburetmə formalarını aradan qaldırmaqdan ibarət olmuşdur. Bunlar öz ifadəsini azad rəqabət və sahibkarlıq prinsiplərinə əsaslanan kapitalizm mərhələsində tapmışdır. Bu dövr formalaşdığı vaxtdan təqribənX1X əsrin ikinci yarısınadək davam etmişdir.

X1X əsrin sonu, XX əsrin əvvəllərində kapitalist iqtisadiyyatı öz inkişafının korporativ mərhələsinə daxil olmuşdur. Bu dövrün fərqləndirici cəhətlərindən biri iqtisadi və sosial sahələrdə dövlətin tənzimləyici və nəzarətedici rolunun əhəmiyyətli dərəcədə genişlənməsidir.
Bu, istehsalın təmərküzləşməsi və mərkəzləşməsinin güclənməsi, iqtisadi əlaqələrin mürəkkəbləşməsi və sosial problemlərin kəskinləşməsi ilə əlaqədardır.

X1X əsrin axırlarından dövlətin iqtisadi funksiyalarının tədriclə genişlənməsi üç mərhələdən keçmişdir. Birinci mərhələnin başlanması birinci dünya müharibəsi ilə əlaqədardır. Bu mərhələ 1929-1933-cü illərdəki Böyük durğunluq dövrünədək davam etmişdir. Bu dövrdə, dövlət, iqtisadiyyatda dövlət bölməsi yaratmaqla inhisarçılığa meyli məhdudlaşdırmağa çalışmış və iqtisadi proseslərin tənzimlənməsinə fəal müdaxilə etməyə başlamışdır. Lakin bu müdaxilə əsas etibarilə hərbi istehsal sahələri ilə məhdudlaşmışdır. Yerdə qalan sahələrdə isə təsərrüfatçılığın xüsusi kapitalist formaları hökmran mövqeyə malik olmuşdur.

1929-1933-cü illərdəki dünya iqtisadi böhranı dövlətin funksiyalarının genişlənməsində ikinci mərhələnin başlanğıcını qoymuşdur. Bu mərhələ ikinci dünya müharibəsinədək davam etmişdir. Bu dövrdə cəmiyyətin tarixində bazar təsərrüfatının idarə olunmasında dövlətin daim və fəal iştirakı sistemi meydana gəlmiş, iqtisadiyyatın tənzimlənməsində istifadə olunan formalar inkişaf etmiş, planlaşdırmanın ünsürləri özünü göstərmişdir. Bu cür siyasət öz ifadəsini dövlət mülkiyyətinin və dövlət büdcəsinin həcminin artmasında tapmışdır. Belə bir şəraitdə büdcə vəsaitindən təkcə dövlət aparatının saxlanması üçün deyil, həm də dövlət və xüsusi fəaliyyətin maliyyələşdirilməsi üçün istifadə olunmağa başlanmışdır. Dövlət makroiqtisadi tarazlığın tənzimlənməsi üçün büdcə-vergi siyasəti ilə yanaşı, həm də kapital qoyuluşlarının stimullaşdırılması və sosial problemlərin həllinə yönəldilən pul-kredit siyasətindən də fəal istifadə etmişdir.

Dövlətin funksiyalarının genişlənməsində üçüncü mərhələ ikinci dünya müharibəsindən sonra başlamış və əllinci illərin ortalarına qədər davam etmişdir. Bu mərhələ, əvvəlki mərhələdən onunla fərqlənmişdir ki, həmin vaxtadək yeridilən siyasətə iqtisadi artım sürətinin stimullaşdırılması ilə əlaqədar tədbirlər sistemi əlavə edilmişdir. Bu dövrdə dövlət, sənayenin ən mühüm sahələrinin inkişaf etdirilməsində, istehsal və sosial infrastrukturun yaradılmasında daha fəal iştirak etməyə başlamışdır. Bu mərhələdə «kapitalizmin qızıl əsri» adlandırılan növbəti mərhələnin başlanması üçün zəruri maddi zəmin yaradılmışdır.

XX əsrin 50-70-ci illərində yeridilən dövlət siyasəti aşağıdakı ilkin şərtlərə əsaslanmışdır:

1) Iqtisadiyyat xüsusi kapitalist deyil, qarışıq olmalıdır. Dövlətin iqtisadiyyata müdaxiləsinin zəruriliyi bazarın «nöqsanlı» olması, daha dəqiq desək, onun resursları səmərəli bölüşdürmək iqtidarında olmaması ilə şərtlənir. Bu nöqsanlara ictimai nemətlərin və təbii inhisarların, xarici təsirin mövcudluğu, bazar haqqında informasiyaların kifayət qədər tam olmaması və s. aiddir;

2) Bazar öz-özünə sabit makroiqtisadi nəticələrə gətirib çıxarmaq iqtidarında olmadığına görə məqsədyönlü makroiqtisadi siyasət yeridilməsi zəruridir;

3) Bazar, öz-özlüyündə gəlirlərin bərabər bölüşdürülməsinə gətirib çıxarmır. Ona görə də dövlət, bir tərəfdən gəlirlərin bölüşdürülməsini tənzimləməli, digər tərəfdən isə hər hansı bir səbəbdən gəlir mənbəyindən məhrum olan şəxsləri müdafiə etməlidir. Dövlət, həm də təhsil və səhiyyə infrastrukturlarının inkişaf etdirilməsi qayğısına qalmalıdır.

Bu dövrdə dövlətin başlıca məqsədi tam məşğulluğu, qiymətlərin sabitliyini və tədiyə balansının tarazlığını təmin etməkdən ibarət olmuşdur. Bu dövrdə dövlət nəinki iqtisadi, həm də sosial münasibətlərin tənzimlənməsinə daha geniş müdaxilə etmiş, Qərbi Avropanın bir çox ölkələrində ümumi rifah dövləti ideologiyası (Welfare State-rifah dövləti) formalaşmışdır.

Keçən əsrin 50-60-cı illərində yeridilən dövlət siyasətinə təhsil, səhiyyə, mənzil tikintisi üzrə dövlət sistemi yaradılması, habelə sosial təminat, əmək haqqının minimum məbləğini tənzimləmək yolu ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün proqramlar daxil edilmişdir. Bir qədər sonralar bu proqramlara demoqrafiya və ekologiya, milli mədəniyyətin müdafiəsi və sairələrlə əlaqədar proqramlar əlavə edilmişdir.

Ikinci dünya müharibəsindən sonra bir çox siyasi partiyaların proqram sənədlərində, habelə Qərbi Avropanın üç ölkəsinin konstitusiyasında–1949-cu ildə AFR-in Əsas Qanununda, 1958- ci ildə Fransanın, 1978-ci ildə isə Ispaniyanın Konstitusiyalarında - «sosial dövlət» anlayışı öz əksini tapmışdır.

Keçən əsrin 50-60 –cı illərində inkişaf etmiş ölkələrin çoxunda sosial dövlətin mümkünlüyü industral cəmiyyətdən postindustral cəmiyyətə keçid dövründə yalnız maddi istehsal sahələrində deyil, həm də birinci növbədə müasir istehsalda şəxsi (insan) amilin rolunun dəyişməsi ilə əlaqədardır. «Sosial dövlət» həm də ona görə mümkün olmuşdur ki, XX əsrin ortalarında cəmiyyətdə müxtəlif sosial qruplar arasında bir növ tarazlıq yaranmış, bu da onlara bu yolla öz mənafelərini müdafiə etmək imkanı vermişdir.

Ümumi rifah dövləti və «sosial dövlət» ideologiyasına uyğun olaraq belə hesab edilirdi ki, artıq sənayecə inkişaf etmiş ölkələrdə ümumi rifah təmin olunmuş və yeridilən sosial siyasət cəmiyyəti sabitləşdirməyə imkan vermiş, ziddiyyətlər aradan qaldırılmışdır. Və deməli, inkişaf etmiş ölkələrin ardınca yerdə qalan ölkələr də bu yolu keçməlidir.

Lakin 1974-1975-ci illərdə növbəti dünya iqtisadi böhranının baş verməsi ilə əlaqədar olaraq bu mərhələ başa çatmış, dövlətin rolu haqqında yeni ideyalar meydana gəlmiş və bununla da hazırda davam edən yeni mərhələ başlanmışdır.

Müasir mərhələnin başlıca xüsusiyyəti «sosial dövlət» siyasətindən «səmərəli dövlət» siyasətinə keçilməsidir. «səmərəli dövlət» siyasəti öz ifadəsini aşağıdakı iki əsas müddəada tapmışdır:

Biirncisi, dövlət, dövlət büdcəsinin kəsirli olmasına səbəb olan yersiz xərcləri azaltmaq məqsədilə yerinə yetirdiyi vəzifələrin dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmalıdır;

Ikincisi, pensiya təminatı, tibbi sığortalama, işsizliyə görə müavinətlər və digər sosial ödənişlər yalnız dövlət büdcəsi vəsaiti hesabına ödənilməməli, bu xərclər bütün subyektlər arasında bərabər bölünməlidir.

Beləliklə, dövlət iqtisadi artımı təmin etməklə kifayətlənməməli, həm də bazar iqtisadiyyatının tərəfdaşı, köməkçisi olmalıdır. XX əsrin 80-90-cı illərində inkişaf etmiş kapitalist ölkələrinin əksəriyyətinin apardıqları siyasətin əsas məzmunu məhz bundan ibarət olmuşdur.

Dövlətin rolunun bu istiqamətə yönəldilməsinin səbəbləri içərisində SSRI-də və Şərqi Avropa ölkələrində inzibati-amirlik sisteminin dağılmasını, ümumi rifah dövlətinin maliyyə siyasətinin iflasını, dövlət büdcəsi kəsirinin ilbəil artmasını, habelə son dövrlərdə Cənub-Şərqi Asiya ölkələrində baş verən və bütün dünya üçün nümunə hesab olunan «iqtisadi möcüzəni» xüsusi qeyd etmək lazımdır.

Qərb alimlərinin əksəriyyəti belə hesab edir ki, SSRI-də və Şərqi Avropa ölkələrində inzibati- amirlik sisteminin iflası dövlətin sosial problemlərin həllinə həddindən çox vəsait ayırması, iqtisadi səmərəliliyin azalmasına, iqtisadiyyatda durğunluq hallarının inkişafına gətirib çıxarma hallarının bariz nümunəsidir. Inkişaf etmiş ölkələrdə isə sosial ödənişlərin həddindən çox artırılması sosial işçi ştatlarının, qeyri-məhsuldar xərclərin artmasına gətirib çıxarmışdır ki, bu da öz növbəsində dövlət büdcəsi kəsirinin çoxalmasına səbəb olmuşdur.

Qərb ölkələrində Cənub-Şərqi Asiya ölkələrindəki «iqtisadi möcüzə»dən çox danışılır. Məlum olduğu kimi, keçən əsrin 70-80-ci illərində bu ölkələrdə dövlət fəal sosial siyasət yeritməmişdir. Lakin buna baxmayaraq bu ölkələr çox qısa bir müddətdə heyrətamiz müsbət iqtisadi göstəricilərə nail olmuşlar.

Müasir dövrdə mütəxəssislər Cənub-Şərqi Asiya ölkələrinin təcrübəsini əsas götürərək belə hesab edirlər ki, dövlət sosial sferanın inkişaf etdirilməsi üçün məsuliyyəti öz üzərinə götürməməlidir. O, sosial xərcləri ixtisar etməli və bunun nəticəsində sərbəstləşən vəsaiti iqtisadi fəallığın stimullaşdırılmasına yönəltməlidir. Başqa sözlə, dövlət siyasətinin əsas məqsədi iqtisadi artımın təmin edilməsi olmalıdır. Çünki iqtisadi artıma nail olunduqda sosial problemlər haqqında fikirləşmək və onları həll etmək olar.

Dövlətin iqtisadi rolunun təkamülü hər şeydən əvvəl maddi istehsalda baş verən dəyişikliklərlə izah olunur. Bunların içərisində isə istehsalın həcminin artması və iqtisadi əlaqələrin mürəkkəbləşməsi ilə yanaşı, müasir istehsalın inkişafında şəxsi amilin rolunun güclənməsi də çox mühüm rol oynamışdır. Bu dəyişikliklər makroiqtisadi tarazlığın təmin edilməsinə və sosial vəzifələrin həll olunmasına dövlətin müdaxiləsini tələb edirdi.

Maddi istehsaldakı dəyişikliklər, iqtisadi əlaqələrin mürəkkəbləşməsi, dövlətin iqtisadiyyata müdaxiləsi kimi səbəb-nəticə əlaqələri həqiqətən onun iqtisadi funksiyalarının təkamülünün yuxarıda nəzərdən keçirilən bütün mərhələlərində özünü biruzə vermişdir.

XX əsrin 80-90-cı illərində iqtisadi əlaqələrin sadələşdiyini təsəvvür etmək düzgün olmazdı. Əksinə, qarşılıqlı iqtisadi əlaqələr hazırda 30-40 il bundan əvvəlkinə nisbətən daha da mürəkkəbləşmişdir. Belə ki, dövlətin fəal pul-kredit, büdcə-vergi və investisiya siyasəti olmadan ictimai istehsalın sabitliyinin təmin edilməsi qeyri mümkündür. Müasir istehsala yalnız dar ixtisasa malik olan işçilər lazım deyildir. Bununla yanaşı, müasir istehsalda çalışan işçi həm də daim dəyişən şəraitdən sərbəst surətdə baş çıxarmağı, müstəqil qərarlar qəbul etməyi bacarmalı, geniş dünyagörüşünə malik olmalıdır. Bununla birlikdə, həm də iqtisadiyyata dövlətin müdaxiləsinin azaldılması ilə əlaqədar çağırışlar edilir.

Lakin qeyd etmək lazımdır ki, iqtisadi və sosial proseslərə dövlətin müdaxiləsinin azaldılması və onun yerinə yetirdiyi funksiyaların bir qisminin digər iqtisadi subyektlərə verilməsinə cəhd göstərilməsinin maddi istehsal sistemində baş verən dəyişikliklərlə əlaqələndirilməsi düzgün deyildir. Əksinə, bu dəyişikliklər iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin daha da gücləndirilməsinin zəruri olduğunu deməyə əsas verir.

Dərin iqtisadi, sosial və siyasi dəyişikliklər dövründə dövlətin rolu xüsusilə böyükdür. Bu sözlər hazırda möhtəşəm quruculuq işlərinin getdiyi ölkəmizə də aiddir. Azərbaycan cəmiyyətində inzibati-amirlik sistemindən qalmış idarəetmə qaydalarının tədriclə aradan qaldırıldığı, bütün sahələrdə yeniləşmə prosesinin getdiyi, dünyanın üzünə açıq olan iqtisadiyyat yaradıldığı müasir dövrdə dövlətimiz əzəmətli, geniş miqyaslı və əhatəli vəzifələri və məsul işləri yerinə yetirir. Bu sahədə ayrı-ayrı ölkələrin təcrübəsinin, onun müsbət və mənfi cəhətlərinin öyrənilməsi məqsədəuyğun olardı. Belə olduqda ölkə öz iqtisadiyyatını malik olduğu imkanlara uyğun inkişaf etdirir, dünya birliyində layiqli yer tutur, xalqın həyat səviyyəsinin yüksəldilməsi sahəsində böyük nailiyyətlər qazanır.

Beləliklə, bütün bunlar belə bir fikir söyləməyə əsas verir ki, cəmiyyətdə gedən iqtisadi və sosial proseslərə dövlətin müdaxiləsi zəruridir və bunun heç bir sübuta ehtiyacı yoxdur.

Qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas iqtisadi funksiyaları.

Iqtisadiyyatın tənzimlənməsində dövlətin rolunun genişlənməsi bir sıra obyektiv səbəblərlə əlaqədardır. Dünya təcrübəsi göstərir ki, inkişafın mürəkkəb dövrlərində, xüsusilə də cəmiyyətdə və iqtisadiyyatda sosial-iqtisadi və texnoloji dəyişikliklərin getdiyi vaxtlarda dövlətin təşkilatçılıq fəaliyyətinin artırılması zəruridir.

Keçid dövründə olan ölkələrdə iqtisadiyyatın tənzimlənməsində dövlət xüsusilə böyük rol oynayır. Belə ki, keçid dövrünün davametmə müddəti xeyli dərəcədə məhz bu dövrdə dövlətin necə fəaliyyət göstərməsindən asılıdır.

Bazar münasibətlərinin formalaşdırılması və tənzimlənməsi, habelə resursların yenidən bölüşdürülməsi dövlətin müdaxiləsi olmadan qeyri-mümkündür. Çünki bazar münasibətlərinin formalaşdırılması köhnə strukturların ləğv edilməsi və yeni strukturların yaradılması ilə eyni vaxtda həyata keçirilir. Bunun nəticəsində bir tərəfdən iqtisadiyyatda çoxukladlılıq meydana gəldiyinə görə rəqabət üçün şərait yaranır və tələb, təsərrüfatçılığın həlledici amilinə çevrilir. Digər tərəfdən isə bu dövrdə cəmiyyətdə elə bir şərait formalaşır ki, onların həll edilməsi dövlətin müdaxiləsi olmadan mümkün deyildir.

Dünyada mövcud olan iqtisadi sistemlərin hamısı demək olar ki, qarışıq sistemlərdir və bir sıra vəzifələr bazar sistemi ilə dövlət arasında bölünmüşdür. Bunu belə bir statistik məlumatdan görmək olar ki, hazırda milli məhsulun 80%-ə qədəri bazar sisteminin, 20%-i isə dövlətin payına düşür. Bununla yanaşı, dövlət istehsalı maliyyələşdirməklə bərabər, iqtisadiyyatın xüsusi bölməsində yaradılan gəlirləri yenidən bölmək məqsədilə bir sıra sosial sığorta və sosial təminat proqramlarını da həyata keçirir. Statistika göstərir ki, vergilər, habelə əmtəə və xidmətlərin satın alınmasına, sosial proqramların həyata keçirilməsinə yönəldilən xərclərin ümumi məbləği milli gəlirin təqribən 1/3 hissəsini təşkil edir. Nəhayət ətraf mühitin mühafizəsi, sağlamlığın qorunması, istehlakçıların təhlükəli məhsullardan müdafiəsi ilə əlaqədar olan çoxsaylı tədbirlər, habelə müəyyən sahələrdə qiymətlərin formalaşması təcrübəsinə nəzarətin təmin edilməsi və s. əslində dövləti iqtisadi fəaliyyətin bütün sahələrində «görünməyə» sövq edir.

Ümumiyyətlə, dövlət vətəndaş cəmiyyətinin siyasi və sosialiqtisadi prinsiplərini həyata keçirir. O, makroiqtisadi bazar proseslərinin formalaşmasında fəal iştirak edir. Bunlara uyğun olaraq qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas funksiyalarına aşağıdakılar aiddir:

1) Iqtisadi qərarların qəbul edilməsi üçün hüquqi bazanın yaradılması. Dövlət, dövlətə məxsus olan və xüsusi müəssisələrin fəaliyyətini tənzimləyən qanunları işləyib hazırlayır və qəbul edir, vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirir;

2) Iqtisadiyyatın sabitləşdirilməsi. Dövlət istehsalın azalması meylinin qarşısının alınması, inflyasiyanın azaldılması və işsizliyin səviyyəsinin aşağı salınması, milli valyutanın sabitliyinin təmin olunması üçün büdcə-vergi və pul-kredit siyasətindən istifadə edir;

3) Bazar mexanizmi imkan vermədiyi hallarda makroiqtisadi və struktur tarazlığın qorunub saxlanması;

4) Inkişaf strategiyasının işlənib hazırlanması, əlverişli investisiya və sahibkarlıq, habelə milli strategiyanın məqsədi və reallaşdırılması vasitələri də daxil olmaqla iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsinin təmin olunmasında çox mühüm rol oynayan sosial mühitin formalaşdırılması;

5) Resursların düzgün bölüşdürülməsi. Dövlət, xüsusi müəssisələrdə istehsal olunmayan əmtəə və xidmətlərin istehsalını təşkil edir; kənd təsərrüfatının, rabitənin, nəqliyyatın inkişaf etdirilməsi üçün şərait yaradır; ölkənin müdafiəsi və elmin inkişafı ilə əlaqədar xərcləri müəyyən edir, təhsilin səviyyəsinin inkişaf proqramlarını formalaşdırır və həyata keçirir;

6) Əhalinin sosial müdafiəsi və sosial təminatı. Dövlət, əmək haqqının, yaşa və əlilliyə görə pensiyaların, işsizliyə görə müavinətlərin, aztəminatlı ailələrə müxtəlif növ yardımların minumum məbləğini müəyyən edir və ona təminat verir;

7) Xarici aləmdə milli biznesin qorunub saxlanması. Dövlət, qloballaşma şəraitində ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini yüksəltmək məqsədilə milli biznesin fəaliyyətini əlaqələndirir;

8) Ölkənin iqtisadi təhlükəsizliyinin təmin ebilməsi. Dövlət ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün konkret tədbirlər görür, hər cür təhlükəli və qeyrisabitlik amillərinin aradan qaldırılması ilə mübarizə aparır;

9) Ölkənin müdafiə qabiliyyətinin lazımi səviyyədə saxlanması.

Dövlətin ümumi funksiyaları ilə yanaşı, iqtisadiyyatın konkret sahələri və ölkənin regionlarının tənzimlənməsi ilə əlaqədar funksiyaları da vardır.

Dövlətin tənzimləmə funksiyaları onun həyata keçirdiyi sosial-iqtisadi siyasətin məqsədləri ilə müəyyən edilir. Hər bir inkişaf dövrünün qısa, orta və uzun müddətli dövrlər–xüsusiyyətləri nəzərə alınmaqla konkret məqsəd müəyyən olunur.

Azərbaycan dövlətinin uzunmüddətli sosial-iqtisadi siyasətinin məqsədi əhalinin həyat səviyyəsini tədriclə yüksəltməkdən, sosial bərabərsizliyi azaltmaqdan, ölkənin müstəqilliyini və mədəni dəyərlərini qoruyub saxlamaqdan, dünya birliyində onun özünün layiqli yerini tutması üçün tədbirlər görməkdən ibarətdir.

Siyasətin məqsədi dövlətin fəaliyyətinin əsasında duran vəzifələrə, iqtisadi subyektlərin və ictimai təşkilatların mənafelərinə, hər bir adamın gündəlik arzularına uyğun gəlməlidir.

Cəmiyyətimizdə Azərbaycan xalqının ənənələrinə və müasir dövrün tələblərinə cavab verən sərbəstlik, məsuliyyət, inam kimi dəyərlər sistemi yeniləşdirilməli, dövlətlə vətəndaşlar, bizneslə vətəndaşlar, hakimiyyətlə biznes arasında etibarlı və qarşılıqlı münasibətlər formalaşdırılmalıdır.

Bunlara uyğun olaraq ölkənin sosial-iqtisadi inkişafının tənzimlənməsinin təmin edilməsi üçün dövlətin funksiyalarının prioritetləri müəyyənləşdirilməlidir.

Dövlət tənzimləməsinin obyektləri və subyektləri.

İqtisadiyyatın dövlət tərəfindən tənzimlənən obyektlərinə sahələr, regionlar, iqtisadi və sosial proseslər və s. daxildir. Başqa sözlə, dövlət tərəfindən tənzimlənən obyektlər dedikdə milli iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsi üçün dövlətin tənzimləyici fəaliyyətinin hansı məqsədlərə istiqamətləndirilməsi nəzərdə tutulur.

Bunlara isə aşağıdakılar aiddir:

- iqtisadiyyatın sahə, regional, təkrar istehsal və sosial strukturu;

- iqtisadi tsikl; məşğulluq;

- əhalinin həyat səviyyəsi;

- təhsil və kadrların hazırlanması;

- pul tədavülü;

- ETTKI və investisiyalar;

- tədiyə balansı;

- sosial sahə və əmək münasibətləri;

- əhalinin sosial müdafiəsi;

- ətraf mühitin mühafizəsi;

- qiymətlərin tənzimlənməsi,

- antiinflyasiya prosesləri;

- iqtisadiyyatın dövlət bölməsi;

- malliyyə ehtiyatları və büdcələrarası münasibətlər;

- dövlət əmlakının özəlləşdirilməsi;

- inhisarçılığın aradan qaldırılması;

- iqtisadiyyatın müxtəlif sahələrində mülkiyyətin formaları;

- xarici iqtisadi fəaliyyət və s və i. a.

Ölkəmizdə bazar münasibətlərinə keçid şəraitində qarşıda duran ən mühüm vəzifə səmərəli fəaliyyət göstərən bacarıqlı mülkiyətçilərin formalaşdırılmasından ibarətdir. Bu, indi də prioritet sahə olaraq qalır. Bu isə o deməkdir ki, mülkiyyətin strukturu, özəlləşdirmə, inhisarçılığın aradan qaldırılması tənzimləmə obyektləri kimi daim dövlətin diqqət mərkəzində olmalıdır.

Dövlət tənzimləməsinin subyektlərinə qanunverici, icraedici hakimiyyət, habelə məhkəmə orqanları daxildir. Bu, ölkəmizdə Milli Məclisdən, hökumətdən, (Nazirlər Kabineti), Azərbaycan Respublikasının Prezidentindən, Konstitusiya məhkəməsindən, habelə regional hakimiyyət orqanlarından ibarətdir.

Qarışıq iqtisadiyyat şəraitində dövlət tərəfindən tənzimlənən obyektlərdə baş verən dəyişikliklər yeni subyektlərin meydana gəlməsi ilə müşayiət olunur. XX əsrin 60-cı illərinədək qarışıq iqtisadiyyat şəraitində tənzimləmənin əsas subyekti milli dövlətlər olmuşlar.

Sənayecə inkişaf etmiş qabaqcıl ölkələrin informasiya cəmiyyətinə keçdikləri müasir dövrdə milli dövlətlərdən asılı olmayan transmilli korporasiyalar dövlət tənzimləməsində çox mühüm rol oynamağa başlamışlar. Belə ki, transmilli korporasiyalar dünya sənaye məhsullarının təqribən 50%-ə, xarici ticarətin 63%-ə, yeni texnikaya verilən patent, texnologiya və noy-haunun 4/5 hissəsinə nəzarət edirlər. Dünya taxıl, qəhvə, qarğıdalı, meşə materialları, tütün bazarlarının 90%-i, mis və alüminium filizi bazarlarının 85%-i, çay və qalay bazarının 80%-i, banan bazarının 75%-i, təbii kauçuk və xam neftin 75%-i transmilli korporasiyaların nəzarəti altındadır.

Dünyada iqtisadi hakimyyətin çox böyük hissəsini öz əllərində cəmləşdirən təqribən 500 transmilli korporasiya vardır. Iri transmilli korporasiyaların gücünü (ümumi daxili məhsul göstəricisi) hər hansı bir orta dövlətin səviyyəsi ilə müqayisə etmək olar. Bu, onlara başqa ölkələrə öz iradələrini diktə etməyə imkan verir. Məsələn, ABŞ-ın «General motors» korporasiyasının satdığı məhsulların dəyəri Isveç, Avstriya və Isveçrənin birlikdə istehsal etdikləri ümumi daxili məhsuldan çoxdur. Məsələyə tənzimləmə nöqteyi-nəzərindən yanaşıldıqda, qeyd etmək lazımdır ki, korporasiyaların daxilində qiymətlər bazar tərəfindən deyil, onların strategiyalarına uyğun olaraq özləri tərəfindən müəyyən olunduğuna görə bu, azad bazar qanunlarına tam uyğun gəlmir.

Transmilli korporasiyaların «xüsusi çəkisi»ni nəzərə aldıqda məlum olur ki, dünya iqtisadiyyatının 50%-i sərbəst bazar şəraitində, 50%-i isə planlı sistemdə «fəaliyyət» göstərir. Bu sahədə iqtisadi sistemlərin konvergensiyasına1 keçid nəzərdə tutulmuşdur. Burada məqsəd plan və bazar münasibətlərini əlaqələndirməkdən ibarətdir. Transmilli kapital dövlətin daxili bazarın tənzimlənməsi sahəsində səylərini heçə endirə və istədiyi vaxt hər hansı bir dövlətin maliyyə bazarlarını «zəbt» edə bilər. Bu isə belə bir fikir söyləməyə imkan verir ki, dövlət iri transmilli korporasiyaların işinə geniş miqyaslı müdaxilə etmək iqtidarında deyildir. Beynəlxalq Valyuta Fondu (BVF), Dünya bankı, Ümumdünya ticarət təşkilatı və sairələr də tənzimləmə subyektləridir.

Bu təşkilatlar kredit verərkən qarşıya müəyyən şərtlər qoyur və dövlət, istər iqtisadi, istərsə də siyasi sahədə onlarla hesablaşmağa məcbur olur.

Dövlət tənzimləməsinin beynəlxalq təsisatları rolunda çıxış edən bir qrup ölkə milli iqtisadiyyatların tənzimlənməsinin ümumi məqsədi ilə kifayətlənmir, həm də tənzimləmənin ümumi mexanizmindən istifadə edirlər. Məsələn, Avropa Ittifaqına daxil olan ölkələrin böyük əksəriyyətində vahid valyuta kimi avrodan istifadə olunmaqla, bəzi sahələrdə vahid vergi dərəcələri tətbiq edilir.

Bazar münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi bəzi ölkələrin iqtisadi gücü bir sıra amillərlə müəyyən olunur. Məsələn, keçən əsrin 90-cı illərində bir barrel neftin qiyməti 8-9 dollara bərabər olmuşdur. Bu dövrdə inkişaf etməkdə olan ölkələrdə bütün əmtəəlik xammalların qiymətləri kəskin surətdə aşağı düşmüş, inkişaf etmiş ölkələrdə isə elmtutumlu əmtəələrin qiymətləri 1,5 dəfə yüksəlmişdir.

Odur ki, ABŞ 8 il (1992-2000-ci illər) ərzində öz iqtisadiyyatının inflyasiyasız inkişafına demək olar ki, dünyanın digər ölkələrinin təbii ehtiyatlarından «pulsuz» istifadə etməsi sayəsində nail olmuşdur. Digər inkişaf etmiş ölkələrdə də bu yoldan istifadə edilmişdir. Dolların hamı tərəfindən ümumi tədiyə vasitəsi kimi qəbul olunması, ona etibar edilməsi bütün dünyada ABŞ üçün çox böyük üstünlüklər yaradır. Dolların emissiyasına nəzarət etmək imkanı ABŞ-ın iqtisadi gücünün əsaslarından biridir. Bunun nəticəsidir ki, ABŞ ən yüksək «iqtisadi azadlıq indeksi»nə malikdir və bazarda gedən proseslərə ən az müdaxilə edən ölkələr sırasına başçılıq edir.

Dövlətin tənzimləmə fəaliyyətinin səmərəliliyini iki cəhətdən qiymətləndirmək olar. Bunlardan biri onun milli mənafelərin ifadəçisi və sosial-iqtisadi proseslərin tənzimləyicisi, digəri isə bazarın ən böyük mülkiyyətçisi və subyekti kimi çıxış etməsidir. Bunların hər birində müxtəlif qiymətləndirmə meyarlarından istifadə olunur. Bu meyarlara nəticə etibarilə əhalinin rifahının yüksəlməsinə imkan verən məhsuldar qüvvələrin inkişafı, fikrimizi bir qədər də konkretləşdirsək istehsalda tənəzzülün baş verməsi (iqtisadi artımın olmaması), iqtisadiyyatın və sosial proseslərin idarə olunmasının nəzarətdən çıxması aiddir. Səmərəlilik meyarlarına həmçinin istehsalın səmərəliliyinin yüksəlməsi (əmək məhsuldarlıgının yüksəlməsi, ehtiyatlara qənaət edilməsi və i.a.) aid edilir. Son dövrlərdə iqtisadi təhlükəsizliyin, xüsusilə də onun təmin olunması ilə əlaqədar dövlətin öz vəzifələrini yerinə yetirməsinin vacibliyinin artması da buraya aid edilir.

Bunları nəzərə almaqla, dövlət tərəfindən tənzimləmənin səmərəliliyini aşağıdakı əsas meyarlardan istifadə etməklə qiymətləndirmək olar:

1) proqnozlaşdırılan göstəricilərlə faktiki göstəricilərin müqayisə edilməsi;

2 beynəlxalq müqayisədən istifadə olunması;

3) ölkənin iqtisadi təhlükəsizliyinə qiymət vermək üçün faktiki və optimal həddin müqayisə edilməsi.