Mövzu № 17. Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri

     

Azərbaycanın dünya ölkələri arasındakı mövqeyini təyin etmək üçün ümumilikdə bir neçə makroiqtisadi göstəricilər götürüb müqayisə etməliyik. Müxtəlif makroiqtisadi göstəriciləri müqayisə edərkən hər bir müqayisəyə daxil olan ölkələrin sayı eyni deyil. Bunun səbəbi bir çox ölkədə bütün məlumat və statistik göstəricilərin verilməməsidir. Məsələn, bəzi ölkələr real Ümumi Daxili Məhsulunu açıqladığı halda, digər ölkələr isə bu məlumatı açıqlamır. Həmçinin, qeyd olunan göstəricilərdə hələ də qeydiyyata alınmamış məlumatlar səbəbi ilə bəzi dəyişiklər ola bilər.

Mövcud qiymətlərlə ölkələrin Ümumi Daxili Məhsulu üzrə (Gross Domestic Product) sıralamanı ən böyükdən ən kiçiyə doğru götürsək Azərbaycan bu sıralamada 194 ölkə arasında 65-ci, alıcılıq qabiliyyətinə görə (PPP valuation – Purchasing Power Parity) ÜDM sıralamasında 67-ci, real ÜDM artımına görə (Real GDP growth) isə dünya ölkələri arasında 57-ci sıranı tutur. Bu statistikaya əsasən

Azərbaycanın ölkələr arasında orta mövqeli olduğunu demək mümkündür. (Mənbə: IMF World Economic Outlook, October 2014)

Adambaşına düşən gəlirə görə (Income per capita) sıralamanı ən böyükdən ən kiçiyə doğru götürsək Azərbaycan bu sıralamada 212 ölkə arasında 77-ci sıranı tutur (Adambaşına düşən gəlir 7 811.8 ABŞ dollarıdır). Adambaşına düşən gəlirə görə də Azərbaycan orta mövqeli ölkələr arasında yer alır. (Mənbə: data.worldbank.org)

Əhali sayına görə (Total Population) sıralamanı ən böyükdən ən kiçiyə doğru götürsək Azərbaycan bu sıralamada 232 ölkə arasında 90-cı sıranı tutur (Əhali sayı 9 514 887 nəfərdir). (Mənbə: worldometers.info)

Əhalinin orta yaşam müddətinə görə (Average Life Expectancy) Azərbaycan 223 ölkə arasında 141-ci yeri tutur (Əhalinin orta yaşam müddəti 71,91 yaşdır). Azərbaycanda orta ömür müddətinin uzadılması üçün bir sıra işlər görülməlidir. (Mənbə: cia.gov)

İnsani İnkişaf İndeksinə görə (Human Development Index) Azərbaycan 195 ölkə arasında 76-cı yeri tutur (İnsani İnkişaf İndeksi 0,747-dir). (Mənbə: hdr.undp.org)

İnflyasiya dərəcəsinə görə (Inflation rate) sıralamanı ən aşağı inflyasiya dərəcəsi olan ölkələrdən ən yüksək inflyasiya dərəcəsi olan ölkələrə doğru sıralasaq Azərbaycan bu siyahıda 160 ölkə arasında 52-ci yeri tutar. (İnflyasiya dərəcəsi 2,4%-dir). Azərbaycan bu göstəriciyə görə bütün qonşü ölkələri, həmçinin bir çox inkişaf etmiş ölkəni geridə qoyur. Bunu Mərkəzi Bank tərəfindən ölkədə həyata keçirilən pul-kredit siyasətinin uğurlu nəticəsi kimi hesab etmək olar.

Əsas kapitala yönəldimiş investisiyaların həcminə görə (Investment in fixed income) sıralamanı ən çox investisiya edilən ölkələrdən ən az investisiya edilən ölkələrə doğru sıralasaq Azərbaycan bu siyahıda 210 ölkə arasında 131-ci yeri tutar. (Əsas kapitala yönəldimiş investisiyaların həcmi 18,074,314,850 ABŞ dollarıdır). Bu mövqe sıralamada zəif mövqe hesab olunsa da Azərbaycanda gündən-günə cəlb edilən investisiyaların həcminin artmasını və investisiya potensialını nəzərə alaraq demək olar ki, bir neçə il sonra Azərbaycan bu siyahıda 100 ölkə arasına daxil olacaqdır. (Mənbə: data.worldbank.org)

“Doing-Business” hesabatına əsasən, Azərbaycan 189 ölkə arasında 70-ci yeri tutmuşdur. Hesabatda biznesə başlanılması, əmlakın qeydiyyatı və investorların müdafiəsi Azərbaycanın ən çox uğur qazandığı bölmələr kimi qeyd olunmuşdur. Azərbaycan bu bölmələr üzrə müvafiq olaraq biznesə başlamaq üzrə 10-cu, əmlakın qeydiyyatı üzrə 13-cü və investorların müdafiəsi üzrə 22-ci yerdə qərarlaşmışdır. Bu göstəricilər bir daha təsdiq edir ki, həyata keçirilən iqtisadi siyasət ölkə iqtisadiyyatına investisiya qoyuluşunu situmullaşdırmağa yönəldilmiş və ölkələrə əlverişli investisiya mühiti formalaşdırılmasına şərait yaratmışdır.

Dünya İqtisadi Formunun (World Economic Forum) hazırladığı “2014-2015-ci illərdə Qlobal Rəqabətqabiliyyətlilik hesabatı”nda isə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə əvvəlki hesabatdakı mövqe ilə müqayisədə 1 pillə irəliləyərək, dünya sıralamasında 38-ci yerdə qərarlaşmışdır. 2012-2013-cü illərin hesabatında Azərbaycan Respublikası 148 ölkə arasında 39-cu, 2012-2013-cü illərin hesabatında 144 ölkə arasında 46-cı, 2011-2012-ci illərin hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdur.

Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən son iki ildə Azərbaycanın 9 pillə irəliləməsi və dünyanın 40 ən rəqabət qabiliyyətli iqtisadiyyatı olan dövlətlər sırasına daxil olması ölkədə aparılan iqtisadi siyasətin inkişafının göstəricisi olmaqla, dövlətin beynəlxalq nüfuzunun artmasına təsir göstərmişdir.

Azərbaycan hökumətinin müəyyənləşdirdiyi iqtisadi siyasətin başlıca hədəfləri əhalinin sosial şəraitinin yaxşılaşması, iqtisadi bölmələrdə fəallığın təmin edilməsi, maliyyə bazarının canlandırılması və investisiya qoyuluşlarının davam etdirilməsi ilə bağlı olub. Azərbaycanın böhrana qarşı tədbirlər planının əsas ssenariləri makroiqtisadi sabitliyin möhkəmlənməsinə və davamlı inkişafın intensiv xarakter almasına impuls verməkdən ibarətdir.

Bütün qeyd edilən makroiqtisadi göstəricilərdən də göründüyü kimi Azərbaycan hal-hazırda dünya ölkələri arasında öz sözünü demiş və istər ölkə daxilində, istərsə də ölkə xaricində gördüyü işlərlə dünya arenasındakı mövqeyini hər gün daha da mökəmləndirməkdədir. Əminliklə demək olar ki, bu inkişaf tendesiyası ilə Azərbaycan növbəti illərdə inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevriləcəkdir.